İslamazeri.com-un Din Rubrikasından...
Namazın təbliğinin əhəmiyyəti namazın öz əhəmiyyətindən qaynaqlanır. Müqəddəs İslam şəriətində – istər Quran ayələrində, istər əziz Peyğəmbərimizin (s), istərsə də məsumların (ə) buyurduğu hədislərdə namaz qılmağa bu qədər şövq və həvəs gördükdə namazın insanın cismani, ruhani, fərdi və ictimai xəstəliklərinin dərmanları sırasında ən əsas ünsür, yaxud əsas ünsürlərdən biri olduğunu daha yaxşı anlayırıq. Şəriətlə müəyyənləşdirilmiş bütün vacib və haram əməllər insan psixologiyasının dayaq nöqtəsinin möhkəmlənməsi, eləcə də bəşəriyyətin dünya və axirət işlərini, fərdi və ictimai həyatını islah etmək məqsədilə, obrazlı şəkildə desək, Tanrı tərəfindən təyin edilmiş, insanın bütün dərdlərinə çarə ola biləcək “dərmanlar məcmuəsi”dir.
Lakin bunlardan bəzisi açar rolunu oynayan nüsxələrdir və “Namaz daha çox açar rolunu oynaya biləcək bir ünsürdür” – desək, yanılmarıq.
الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الأرْضِ أَقَامُوا الصَّلاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ وَلِلَّهِ عَاقِبَةُ الأمُورِ
«O kəslər ki, əgər onlar yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)».
(«Həcc» surəsi, ayə 41).
Əgər möminləri, Allah yolunun mücahidlərini, İlahi maarifin möhkəmlənməsi uğrunda canlarından keçən insanları yer üzündə qüdrətli etsək, onlar çox iş görərlər. Onlar ədaləti bərpa edər, nələri və daha nələri icad edərlər. Lakin onların ilk işi “namazın bərpası” olmalıdır! Bu namazda nə sirr vardır ki, onu bərpa etmək bu qədər əhəmiyyətlidir?!
Namaz mövzusu ətrafinda çoxlu müzakirələr olmuşdur. Baxın, hər bir insanın daxilində tüğyan edən bir nəfs vardır. Nəfs sanki sərxoş bir filə bənzəyir. Elə bir fil ki, daim çəkiclə başından vursanız, sizi məhvə doğru aparmaz. Bu yolla onun rəftarı nəzarət altında olacaq və artıq həmin nəfs sizin təkamülünüzə səbəb olacaq. Nəfs insanın istəklərinin məcmuəsidir. Bu istəklər yalnız düzgün istiqamətləndirildikdə insanı kamillik zirvəsinə yüksəldəcək. Problem ondadır ki, bu istəklər sərxoşluq edir və mütləq nəzarətçi lazımdır. Dünyada zülm varsa, bu, bir və ya bir neçə nəfərin nəfsani istəklərinin tüğyan etməsindən doğur. Əgər əxlaqsızlıq varsa, əgər insan şəxsiyyəti təhqir olunursa, əgər yoxsulluq varsa və bəşər cəmiyyətinin əksəriyyəti yer üzərindəki İlahi nemətlərdən məhrumdursa, deməli, bütün bunların hamısına səbəb olan yalnız nəfsani istəklərdir. Bir qrup zalım şəxsin nəfsani istəkləri zülmün yaranmasına səbəb olur. Diktatorlar toplusu məzlumiyyəti yaradır. Qəddar, inhisarçı toplum yoxsulluğa bais olur, aclıq icad edir. Tarixin əvvəlindən ta bu günə qədər baş vermiş bütün fəsadlar məhz nəfsani istəklərdən doğmuşdur. Maraqlıdır ki, insan Allah tərəfindən ona verilmiş istedadlardan istifadə edərək tərəqqi etdikcə bu istəklər nəinki azalmır, əksinə daha da çoxalır. Yaxşı demişlər: “Oğru əli çıraqlı gəlsə, malı daha yaxşı oğurlayar”. Atom bombasına malik olan zülmkar ilə qılıncla vuruşan zülmkar arasında çox fərq var. İndiki nəfsani istəklər bəşəriyyət üçün daha böyük təhlükə mənbəyidir.
İnsanların vücudunda belə bir qüvvə – nəfsani istəklər mövcuddur. Bütün insanların daxilində bu sərxoş fil vardır və hökmən cilovlanmalıdır. Cilov isə yalnız Allahın zikri, Onu xatırlamaq, Ona sığınmaq, Ona ehtiyac duymaq, Onun əzəməti qarşısında özünü kiçik görmək və Onun gözəlliyi qarşısında öz çirkinliyini görməklə yarana bilər. Bütün bunlar zikrdən nəşət tapır. Təqvalı, özünü nəzarətdə saxlayan və zikr əhli olan insan heç vaxt insanlığa qarşı zülm, pislik, tüğyan və fəsad mənbəyinə çevrilməz. Bu İlahi zikr daim onu saxlayar və çəkindirər. Necə ki, namaz çəkindirəndir.
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
«(Ya Muhəmməd!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!»
(«Ənkəbut» surəsi, ayə 45)
Həqiqətdə isə namaz insanın əl-ayağını bağlamır, sadəcə çəkindirir. Namaz nəfsani istəkləri fəaliyyətdən saxlayır. Bəziləri bu ayəni, yəni «Namaz günah və fəsaddan çəkindirər» ayəsini belə təfsir edirlər ki, guya əgər namaz qıldınsa, artıq günah və fəsad aradan qalxacaq. Xeyr! Əslində, ayənin mənası budur ki, namaz qıldıqda namazla canlanan daxili nəsihətçi mütəmadi olaraq insana günahın və fəsadın pisliyini təlqin edir. Şübhəsiz ki, demək, təkrar etmək və qəlbə təlqin etmək təsirlidir və qəlbi yumşaldır. Elə bu səbəbdən namaz təkrarlanmalıdır. Oruc ildə bir dəfə, həcc ömürdə bir dəfə, lakin namaz hər gün və bir neçə dəfə təkrarlanmalıdır. Namazın əhəmiyyəti də elə budur!
Əgər namaz qılınarsa, bu namazın sayəsində insanın daxilindən başlayaraq bütün cəmiyyətə və ona hakim olan təbəqəyə qədər əmin-amanlıq hökm sürər. Namazın bərəkətindən insanın qəlbi, cismi və ümumilikdə bütün bəşəriyyət əmin-amanlığa qərq olur. Namazın xüsusiyyəti belədir. Namazın cəmiyyətdə bərpasının mənası da elə budur, yəni ölkənin müxtəlif məntəqələrində, cəmiyyətin bütün təbəqələrində, xüsusilə tələbələr və seçilmiş gənclər arasında namazın təbliği, namaz təşkilatlarının yaradılmasında məqsəd bütün əhalini ümummilli zikrə tərəf çəkməkdir. Hamı zikr əhli olarsa, kiçik, böyük, qadın, kişi, dövlət məmuru, qeyri-hökumət təşkilatçısı, yalnız özü üçün işləyən, yaxud bütöv bir cəmiyyət üçün çalışan insanların hamısı Allahı xatırlayan olarsa, işlər öz yoluna düşər. Baş verən cinayətlərin çoxu qəflətdən irəli gəlir. Namaz isə insana daima xatırladır.