Bu AirPods modelləri eşitmə aparatlarını əvəz edə biləcəklər.
İslamazeri.com "Technote"yə istinadən xəbər verir ki, Bloomberg saytının məşhur analitiki Mark Gurman gələcək Apple AirPods naqilsiz qulaqlıqlarının bəzi funksiyaları barəsində məlumat verib.
Gurman-ın sözlərinə əsasən yaxın 1 və ya 2 il ərzində Apple şirkəti AirPods-u yeniləyərək ona eşitmə qabiliyyətini yaxşılaşdıracaq bir neçə funksiya inteqrasiya edə bilər.
Bu üsul ilə şirkət ənənəvi eşitmə aparatlarını AirPods ilə əvəzləmək istəyir.
Ümumiyyətlə Apple son illərdə bu istiqamətlərdə aktiv şəkildə çalışır. Məsələn, şirkət AirPods-da eşitmə qabiliyyətinə hədəflənmiş bir neçə funksiyanı istifadəyə verib.
Onlara misal olaraq Live Listen və Conversation Boost funksiyalarını gətirmək olar. Sözgüedən funksiyalar ikinci şəxsin danışıq səsinin gücünü artırmaq üçün nəzərdə tutulub. Lakin bu funksiyalar ABŞ-ın FDA orqanı tərəfindən təsdiqlənməyib. Buna görə də onlar eşitmə aparatlarının əvəz edilməsi üçün nəzərdə tutulmayıblar. Apple şirkətinin səhiyyə sahəsindəki məqsədlərini nəzərə almaqla Gurman düşünür ki, yaxın gələcəkdə AirPods bu cür tibbi imkanları rəsmi şəkildə öz üzərinə götürəcək.
Bunun üçün eşitmə qabiliyyətini yaxşılaşdıracaq yeni AirPods-u satışa çıxartmaq lazım deyil. Belə ki, bunu proqram təminatı yenilənməsi vasitəsilə aktual olan AirPods modellərində reallaşdırmaq mümkündür. Çünki şirkətin naqilsiz qulaqlıqları səsgücləndiricilər və mikrofonlarla artıq təchiz olunublar. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo məlumat vermişdi ki, Apple gələcək AirPods modellərinə istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş biometrik funksiyalar əlavə etməyi planlaşdırır.