XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:13.10.2018 10:24:46

Unikallığı ilə seçilən muzeydən həm tədris zamanı istifadə olunur, həm də onun qapıları ziyarətçilərə açıqdır.

Sizə desəm ki, mumiyalanmış meyit, uşaq skeletləri, insan külü saxlanan qutu, təpəgöz, üçbaşlı uşaq, siam əkizləri, dua edən formada doğulan uşaqdan danışacam, yəqin ağlınıza ya hər hansı qorxu film, ya da hansısa kitab gələcək. Amma mən bütün bunların, hətta bundan daha artığının sərgiləndiyi muzeydən bəhs edirəm.

Nəinki Azərbaycanın başqa bölgəsində, heç dünyada da buna bənzər muzey yoxdur. Unikallığı ilə seçilən muzeydən həm tədris zamanı istifadə olunur, həm də onun qapıları ziyarətçilərə açıqdır.

Söhbət Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Anatomiya Muzeyindən gedir. 1919-1922-ci illərdə kiçik bir otaqda yerləşən və "Ümumi sümük muzeyi" adı altında cəmi üç yüz sümüklə fəaliyyətə başlayan muzeydə hazırda 6 mindən çox eksponat var.

Buranı gəzməmişdən qabaq muzey haqqında məlumatı bizə Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski verdi:

“Bu, tədris muzeyidir. Hələ lap qədimdə, hətta orta əsrlərdə belə, istər müsəlman, istər xristian dünyasında dindarlar meyitin yarılması və öyrənilməsinin qarşısını alırdılar. Hətta 17-ci əsrdə gizlincə qəbiristanlıqdan meyiti çıxarıb öyrənən görkəmli alim Bartolomeo Yevstaxi tələbələri ilə birlikdə din xadimləri meydanda yandırdılar.

Zaman keçdikcə vəziyyət dəyişdi, insan anatomiyasının öyrənilməsinə şərait yarandı.

2019-cu il bizim kafedranın yüz illiyidir. ATU-nun insan anatomiyası kafedrası ilk dəfə 1919-cu il sentyabrın 1-də BDU-nun tibb kafedrasının nəzdində yaradılıb. Kafedranın təşkilatçısı və müdiri cərrah-anatom, professor Razumovski olub. Maraqlısı odur ki, BDU auditoriyasında ilk məruzə Razumovski tərəfindən anatomiya haqqında oxunub. Elə o dövrdən bu muzeyin təşkili başladı. Doğrudur, həmin vaxt heç universitetin özü üçün yer yox idi, kafedraya gəlincə, başlanğıcda 3 nəfərdən ibarətmiş”.

Hazırda muzey "Dayaq hərəkət", "Anomaliya", "Kəllə siniri" və "Daxili orqanlar" olmaqla 4 otaqdan ibarətdir, ərazisi 520 kvadrat metrdən çoxdur.

Muzey 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb.

Muzeyin daimi izləyiciləri ATU-nun birinci və ikinci kurs tələbələridir, onlar muzeydə dərs keçirlər. Eyni zamanda Bakının və ətraf qəsəbələrin 7-ci, 8-ci və 9-cu sinif şagirdləri biologiya və anatomiya dərslərini keçmək üçün bura gəlirlər.

Kafedra müdiri deyir ki, bura xarici alimlər də maraq göstərir: “ABŞ-dan, Almaniyadan, Belarusiyadan, Hindistandan, Pakistandan, İrandan, Türkiyədən gələnlər var. Türkiyənin 20-yə yaxın rektoru bu kafedrada olub. Rusiyadan gələn akademiklər rəy dəftərinə yazıblar ki, gəldik, gördük məəttəl qaldıq... Onlar təsəvvür edə bilmirlər ki, burda belə muzeylə qarşılaşa bilərlər. Almaniyadan gələn Şumexer adlı alim muzeyi görəndə onu “fantastik yer” adlandırdı”.

Eksponatların haradan əldə olunmasına gəlincə, Şadlinski deyir ki, insan bədənindən götürülən orqanlar burda işlənilir, nömrələnir, məhlulda bankaya qoyulur və uzun müddət saxlanır: “Məhlul buxarlananda onu dəyişirik. İnsan orqanlarını uzun müddət saxlaya bilirik. Bu, tədris zamanı çox lazım olur.

Hər hansı ölkədə, cəmiyyətdə inkişaf varsa, orada sahibsiz meyit tapmaq çətin olur. İsraildən gələn alim həmkarlarımız dedi ki, biz meyiti Amerikadan alırıq.

Bizim muzeyə meyit gətiriləndə yuyulur, təmizlənir, arteriyaları məhlullarla doldurulur ki, çürümə getməsin. Bəzi ölkələrdə meyiti spirtdə saxlayırlar, keçmişdə duza qoyurdular. Biz də isə onları xüsusi məhlulla yeşiklərdə və ya anbarlarda saxlayırıq ki, buxarlanma getməsin.

Hazırda dünyada tətbiq olunan nanotexnologiyaya görə meyitlərdən istifadə sayı xeyli azalıb. Çünki anatomiyanı canlı insan üzərində öyrənmək dövrü başlayıb. Bəzi dövlətlərdə isə xüsusi meyitlər hazırlanır, süni olaraq kəsilir, tikilib bağlanır. Bu, çox baha başa gəlir. Bir meyit 90 min avro, yəni təxminən 175 min manatdır”.

Bizi muzeydə insan anatomiyası kafedrasının dərs hissə müdiri, dosent Şöhrət Qasımov gəzdirir.

Təbii ki, muzeydə çox yerdə rast gəlinə bilən eksponatlarla yanaşı, unikalları da var. Ən unikal eksponatlardan biri şkafda yerləşdirilən, mumiyalanmış meyitlərdi. Bir əsrə qədər yaşı olan meyitlərin üzərindəki ürək diqqəti cəlb edir. Şöhrət müəllim deyir ki, o dövrün fikrinə görə, əgər meyitin ürəyini çıxarsalar ruhu uçar.

Getdiyimiz növbəti otaq daxili orqanlardan ibarət idi. Nadir preparatlardan biri insanın mayalanma dövründən embrionun inkişafını göstərən, bir həftəlikdən başlamış bütün inkişafı prosesini əks etdirən döl eksponatı idi.

Şöhrət Qasımov otaqda uzaqdan diqqəti cəlb edən sxem haqqında da məlumat verdi: “Sxemdə kəllə sinirləri əks olunub. Bu, çox mürəkkəb quruluşa malik üçlü sinirin sxemidir. Bundan tədris zamanı tez-tez istifadə edirlər.

Burdakı şkafda isə qulaq sümükləri var. Qeyd edim ki, qulağımızın hər tərəfində 3 sümük var, onlar da burda sərgilənir. Elə eksponat var ki, 50 ildir saxlanılır, hamısı dərmanın içindədir”.

Muzeydə yeni doğulmuşdan 6 yaşa qədər uşaqların skeletləri də qorunur. Məhz onların vasitəsilə insanın inkişaf dövrünə nəzər salmaq olur. Ən maraqlısı da odur ki, skeletin üzərində uşağın əmgəyinin zamanla necə qapandığını ardıcıllıqla görmək olur. Çünki iki yaşa qədər əmgək bağlanmırsa, uşaqda raxitlik əmələ gələ bilər.

Muzeydə həm də bizim tariximiz qorunur, burada qədimliyimizi, bu torpaqlarda uzaq keçmişdən mövcudluğumuzu təsdiqləyən faktlar var.

Növbəti bölmənin qabağında dayanıram. Şöhrət Qasımov deyir ki, bu da nadir eksponatdır: “Bu kəllə arxeoloji qazıntılar zamanı tapılıb. Gördüyünüz kimi kəllələrin forması monqoloid irqinə aiddir, bu onu göstərir ki, bu yerlər türk torpağı olub.

Muzeyimizdə 30 minə yaxın kəllə saxlanılır. Bunların bir qismi ikinci dünya müharibəsində ölənlərin kəllələridir. Onların bəzilərini qəlpə aparıb, güllə yerləri görünür.

Bu bölmədə yeni doğulmuşlardan tutmuş yuxarı yaş dövrünə qədər uşaqların kəllələri var. Bu sahədə elmi tədqiqat aparan alimlərimiz bu eksponatlardan istifadə edirlər”.

Meyitin yandırılaraq saxlanmasının dini ayin olduğunu bilirik. Bu, bir çox ölkələrdə həyata keçirilir və həmin kül qorunur. Muzeydəki qutuda da kül var. Hekayəsi isə maraqlıdır.

Professor Malinovski Ukraynadan Bakıya gəlib və burda xəstələnib. Böyrəyi, sidik yolları ilə əlaqədar əməliyyat edəndə görüblər ki, böyrəyinin biri büzüşüb, o biri də xəstədir. Professor vəsiyyət edib ki, mən öləndən sonra meyitimi yandırın, külümü saxlayın. Beləliklə, 1926-ci ildən muzeydə onun külü və böyrəklər eksponat kimi saxlanılır.

Bu otaqda daha nələr yoxdu... Siam əkizləri, vaxtilə Musa Nağıyev adına Təcili yardım xəstəxanasında saxlanan 3 başı, 3 yuxarı ətrafı, iki aşağı ətraf və 4 əli olan əkiz... Böyük başlı, beyni inkişaf etməyən və başqa qüsurlarla doğulan neçə-neçə uşaqlar...

Yəqin ki, Təpəgözü “Dədə Qorqud” dastanında və yalnız nağıllarda oxumuşuq, amma həyatda heç vaxt görməmişik. Burda isə təpəsində göz olan uşaq eksponat kimi saxlanılır.

Ovucları bir-birinə bağlanan, başı yuxarıya doğru, sanki Allaha dua edirmiş kimi ölü doğulan uşaq da başqa heç yerdə yoxdur.

Təəccübümü gizlədə bilmədikdə Şöhrət müəllim deyir ki, bu eksponatları maraqlanıb, soraqlaşıb yığırıq, bunun üçün hətta rayonlara da gedirik: “Burda bütün eksponatlar maraqlıdır. Gördüyünüz şəkillər kafedrada aparılan elmi işlərə aiddir”.

Bura gələndə düşünürdüm ki, adi bir tədris muzeyinə baş çəkəcəm. Amma gəlib görəndə heyrətləndim. İnanıram ki, sizdə buranı görməyə maraq yarandı. Qorxmayın, burdan nə qəribə səs gəlir, nə ruhlar dolaşır. Bura muzeydir.

Gedib görmək istəyənlər üçün qeyd edim ki, muzeyə giriş pulsuzdur. (teleqraf.com)


Təpəgözün kəlləsi saxlanılan nadir muzeyimizdən heyrətamiz - Reportaj/Fotolar (18+)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ