EURO 1,9254 NEFT 60,17
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:21.09.2018 17:56:39

Əvvəllər bu məscid Novxanı camaatının yeganə ibadət yeri olub.

Tarixi məlumatlara görə, Şah Süleyman Səfəvi 1694-cü ilin 27 iyul tarixində İsfahanda vəfat edib.

Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə oğlu Şah Sultan Hüseyn 26 yaşında Səfəvi dövlətinin şahlıq taxtına oturub. Onun ilk addımı şah Süleymanın kəfən və dəfni ilə bağlı olub. Şah Sultan Hüseyn Qumda atasının və babasının yanında dəfn edilib. Bundan sonra onun üçün məsciddə 3 gün yas mərasimi verilib. Məhz Şah Sultan Hüseynin göstərişi ilə indiki Novxanı qəsəbəsi ərazisində Şah Sultan Hüseyn məscidi inşa edilib. Məscidin divarlarındakı memarlıq elementləri o vaxtlar hər kəsin diqqətini özünə cəlb edib.

Əvvəllər bu məscid Novxanı camaatının yeganə ibadət yeri olub. Daha sonra məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən bağlanıb və baxımsızlıq ucbatından məhv olmağa başlayıb. Beləliklə, həm məscidin indiki vəziyyətini öyrənmək, həm də məscid haqqında əlavə məlumatlar almaq üçün Novxanı qəsəbəsinə yollandıq.

Məscidin yerini tapmaq üçün qəsəbə ağsaqqallarından kömək istəyirik. Ağsaqqallar bizə ünvanı başa saldıqdan sonra məscidin dağılıb-töküldüyünü, dəfələrlə bu problemi bildirmələrinə baxmayaraq heç bir işin görülmədiyini dilə gətirirlər:

“Məscidin axundu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin atası Molla Ələkbər olub. O zaman Stalini Rəsulzadə bu məsciddə, moizə oxunan minbərin altında gizlədib. 

Qəsəbə sakinləri olaraq dəfələrlə yığışıb məscidin təmiri üçün çalışmışıq, ancaq məscidin təmirinə heç başlanılmayıb. Hər keçən gün bu tarixi abidə daha da dağılır”.

Bildirək ki, Rəsulzadənin Stalini gizlətmə faktı tarixdə də əks olunub. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu da bu faktın doğru olduğunu bildirib: “Mən ora dəfələrlə getmişəm. Bu barədə mənə Novxanının yaşlı sakinləri məlumat veriblər. Bu baş verə bilərdi, çünki o vaxtlar Stalinlə Rəsulzadənin əlaqələri sıx olub. Və Rəsulzadə onu xilas etmək üçün bir çox addımlar atıb. Eləcə də Stalin Rəsulzadənin həyatını bir neçə dəfə qurtarıb”.

Tarixi faktlara görə, Rəsulzadə Stalini iki dəfə ölümdən xilas edib. O vaxtlar, Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparanda, milyonçuların ətrafında gəzən qoçular bundan xəbər tutub və Stalini tutaraq quyuya salmaq istəyiblər. Bunu eşidən insanlar hadisə barədə Rəsulzadəyə xəbər veriblər və Rəsulzadə Stalini quyuya atmaq istəyən qoçuların əlindən alıb. Daha sonra Rəsulzadə Stalini gizlətmək üçün Novxanıdakı bağ evinə gətirib. Evdə qadınlar olduğuna görə o, Stalini çox saxlaya bilməyib. Bu səbəbdən Rəsulzadə Stalini həmin məscidə aparıb. 

Ağsaqqallarla sağollaşıb, məscidə tərəf yollandıq. Axır ki, məscidə çatıb, tarixi abidənin indiki vəziyyətini real şəkildə gördük. Həcmcə o qədər də böyük olmayan məscidin demək olar ki, yarısı uçub və ətrafı zibil tullantıları ilə doludur. Məsciddən kənarda isə qəsəbənin uşaqları ora-bura qaçışır. Əlavə məlumatlar öyrənmək üçün məscidin yaxınlığında olan evlərə tərəfə yollanmağa başladıq.

Bəzi sakinlər bizə cavab vermək istəməsələr də, məlumat vermək üçün bizə yaxınlaşan sakinlər də oldu.

Orta yaşlı qəsəbə sakininin dediklərinə görə, bu məscid haqqında bildiyi daha çox ata və babasından eşitdikləridir: “Biz kənd ağsaqqalları ilə birlikdə buranın təmiri üçün dəfələrlə müraciət etmişik. Hətta bir dəfə qərara almışdıq ki, hamımız yığışıb, öz cibimizdən pul qoyaraq, buranı yalandan da olsa, təmir etdirək. Ancaq buna da imkan vermədilər. Bizə mane olan şəxslər bildirdilər ki, tarixi abidənin inşasını bu cür həyata keçirmək olmaz. Ancaq onlar da illərdir ki, buranın təmiri üçün heç nə etmirlər.

Tarixi anlara şahidlik edən məscid gözümüzün qabağında yox olur. Ancaq nəsə edə bilmirik. Böyüklərin dediklərinə görə o vaxt bura anbar kimi də istifadə olunub. Bu da məscidin öz əhəmiyyətini itirməsinə təsir göstərib. Daha sonra nə qədər insan burada olan qədimi, nadir daşları oğurlayıb aparıblar. Biz tarixin yaşamasını istəyirik və bərpa üçün lap da gec olmadan başlanılmasına ümid edirik. Məsciddən nə ziyan gələ bilər ki?”.

Digər sakin isə müğənni Eyyub Yaqubov burada klip çəkməsindən sonra məscidin daha pis vəziyyətə düşdüyünü vurğulayıb: “Onsuz da illərdir ki, yağış bu məscidə təsir edib. Klip çəkiləndə məscidi su maşınları ilə yumuşdular. Bundan sonra məscid daha da məhv olmağa başladı.

Qədim məscid Novxanı ağsaqqalları, eləcə də bizim üçün çox əhəmiyyətlidir. Bu məscid qala-qala yeni məscid tikdilər, onu təmir elədilər. Bu məscid çox geniş olmasa da, ən azından bərpasını etmək olardı”. 

Ümid edirik, “Şah Sultan Hüseyn” məscidinin təmirinə qısa müddət ərzində başlanacaq. (Cebhe.info)


Rəsulzadənin Stalini ölümdən xilas etdiyi məscid: İndi bu tarix torpağa qovuşur - REPORTAJ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ