EURO 1,9349 NEFT 71,37
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.02.2018 10:49:46

Son illərdə xəbər saytlarının sayının artması ilə yanaşı istehsal etdiyi özəl xəbərlərin istinadsız verilməsindən, oğurlanmasından narazı olan mətbuat nümayəndələrinin də sayı çoxalır.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Report”a açıqlamasında bildirib ki, “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”na əsasən mediada, Kütləvi İnformasiya Vasitələrində (KİV) plagiatlıq yolverilməz sayılır: “Başqalarının fikirlərini, ideyalarını, yazdığı məqalələri və s. köçürüb, istinadsız dərc etmək plagiatlıqdır”.

Onun sözlərinə görə, Mətbuat Şurası KİV-lərdən gələn şikayətlərə peşə davranış kodeksi əsasında baxdığı üçün bu cür məsələlərlə bağlı da şikayətlər qəbul edir: “Bu sahədə çox ciddi şəkildə problemlər var. İnternetlə çıxış başlayandan sonra bu sahədə problemlər də dəfələrlə artdı, hazırda da yüksələn xətlə inkişaf edir. Bunun nəticəsi olaraq, şikayətlərin də sayı çoxdur. Bu həmişə olmuş bir problemdir. Hətta bəzən, o qədər orijinal şikayətlər gəlir ki, həmin şikayətlərin texnologiyaya aiddiyyəti yoxdur. Məsələn, bəzən KİV qurumlarının loqosu da oğurlanır. Belə hallarla da rastlaşırıq ki, başqa bir KİV-in adını olduğu kimi götürür qoyur, hətta onun dizayn strukturlarını da ələ keçirirlər. Sadəcə hardasa kiçik nöqtə, gözəgörünməz yerdə hansısa kiçik hərf, işarə qoyurlar. Özlərini bununla müdafiə edirlər. Amma bu onlara haqq qazandırmır. Belə faktlar aşkarlananda biz təklif və tövsiyələrimizi veririk. Dəfələrlə təkrarlananda isə ona uyğun da tədbirlər görülür”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli

Təkliflərə gəlincə, M.Ələsgərli xatırladıb ki, KİV fəaliyyəti ilə məşğul olanlar öncə jurnalistlərin peşə davranış qaydalarını bilməlidilər: “İndi KİV qurumu yaradanların əksəriyyətinin ümumiyyətlə KİV sahəsindən anlayışları yoxdur. Nə qanunları, nə də peşə-davranış kodeksini bilirlər. Belə hallarda onlara qarşı qanuna əsaslanaraq tədbir görülməlidir. Bu işlə bağlı Azərbaycanda Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Mən təklif edirəm ki, bu agentliyin fəaliyyəti daha da gücləndirilsin. Bu sahədə olan problemlərə öz yeni yanaşmalarını, konsepsiyalarını ortaya qoysunlar. Həmçinin bu sahədə ciddi maarifləndirmə işi aparılmalıdır. İnsanlar bilməlidirlər ki, köçürmələrlə, istinadsız xəbər vermək olmaz, məsuliyyətli olmaq lazımdır. Ən əsası bu sahəyə cavabdeh olan strukturların fəaliyyətləri gücləndirilməlidir”.

Müəllif Hüquqları Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qanunvericiliyə əsasən xəbərlər o zaman müəlliflik hüququnun obyekti olur ki, informasiya xarakterli xəbər çərçivəsindən çıxır, yəni özündə şərhləri, təhlilləri əks etdirərək yaradıcılıq məhsuluna çevrilir və artıq belə məlumat məqalə kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəlliflik hüququ ilə qorunur: “Əgər jurnalist hər hansı bir hadisə, yaxud xəbər haqqında araşdırma aparıb və bu araşdırma nəticəsində özünün şərhləri, təhlilləri, subyektiv fikir və mülahizələri ilə zənginləşdirilmiş bir məqalə hazırlayıbsa, artıq bu məqalə yaradıcılıq məhsulu kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsində göstərilən “müəlliflik hüququnun obyekti olan əsərlər” sırasına daxil olur və müəlliflik hüququ ilə qorunur”.

Agentlikdən bildirilib ki, informasiyanın müxtəlif növləri: əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalar var: “Ümumi istifadə üçün açıq olanlara “günün yenilikləri”, “müxtəlif hadisə və faktlar haqqında informasiya xarakterli məlumatlar” və s., alınması məhdudlaşdırılan informasiyalara isə “kommersiya və ya xidməti sirr”, “dövlət sirri”, “şəxsi (şəxsi və ailə) sirr” və sairə məlumatlar aiddir. Alınması məhdudlaşdırılan informasiyaların qorunması müvafiq qanunlar ilə tənzimlənir.

Ümumi istifadə üçün açıq olan günün yenilikləri, müxtəlif hadisə və faktlar haqqında informasiya xarakterli məlumatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, müəlliflik hüququ ilə qorunmayan obyektlər sırasına daxildir və belə məlumatlar müəlliflik hüququ ilə qorunmur.

Müəllif-hüquq obyektləri özü-özlüyündə informasiyanın müəyyən növü olmaqla, ilkin informasiyadan ciddi surətdə fərqlənirlər. İlkin informasiya “xəbərlər formatı” da adlanır, yəni faktlar, hadisələr, olaylar haqqında informasiya xarakterli bildirişlərdir və bu informasiya yaradıcılıq əlaməti olmayan məlumatlardır.

Əgər hansısa agentlik xəbərləri mənimsəyirsə və onları özünün məhsulu kimi qələmə verirsə, deməli, həmin informasiya agentliyi özgə əməyini mənimsəyir, onların məhsulundan qeyri-qanuni istifadə edir və buna görə “Haqsız rəqabət” haqqında Qanuna müvafiq olaraq məsuliyyət daşıyır”.


Müəllif Hüquqları Agentliyi: Xəbərləri mənimsəyib öz məhsulu kimi qələmə verənlər məsuliyyət daşıyır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018
    Sahil Babayevdən YENİ TƏYİNAT
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ