EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:01.03.2019 14:14:21

Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra bir çox suallar yaranıb.

Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra bir çox suallar yaranıb. 

İslamazeri.com xəbər verir ki, bu suallara iqtisadçı Vüqar Bayramov və Natiq Cəfərli cavab veriblər.

1. Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi? 

Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq, kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.

2. Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi? 

Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablaancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

3. Güzəştlər yalnız dollarla götürülən kreditlərə aiddirmi? 

Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.

4. Kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq? 

Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.

5. Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək? 

Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, o, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya dörd min dollardır və onun min dollar borcu qalır və bu zaman üç min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.

6. Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı? 

Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.

7. Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi? 

Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.

8. Kompensasiyadan sonra kredit bocu qalanlar borclarını necə qaytaracaqlar? 

Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı altı min dollardır və onun kompensasiya məbləği dörd min dollardır. Bu zaman həmin kredit üzrə iki min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa bir ili faizsiz və qalan illəri 1 faiz olmaqla, beş illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.

9. Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq? 

Fərmana əsasən, fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.

10. Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər? 

Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək”

11. Hazırda məhkəmədə olan işlərin taleyi necə olacaq?

On min ABŞ dollarına kimi kredit götürmüş və birinci və ikinci devalivasiyadan sonra kreditlərini ödəyə bilməyən vətəndaşlar məhkəməyə verilibsə, həmin işlər banklar tərəfindən məhkəmələrdən geri çağrılacaq.

12.  İndiyə qədər kreditlərini yeni məzənnə ilə ödəyənlərin vəziyyəti necə olacaq?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin keçirdiyi mətbuat konfransında mərkəzin rəhbəri Vüsal Qasımlı deyib ki, "devalvasiya ilə bağlı manatla artmış hissə vətəndaş tərəfindən indiyə qədər ödənilibsə, bu məbləğ geri qaytarılacaq. Bu vəsaitin geri qaytarılma mexanizmi hazırlanacaq".

"Söhbət dollarla kreditin manatla bağlanmasından gedirdisə, banklar üçün problem yarana bilərdi. Buna görə bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kredit hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək",- Vüsal Qasımlı belə deyib.

İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, ölkə üzrə problemli kreditlərin həcmi təqribən 1,8 milyard manat idi. Bu fərmanla bunun bir milyard manata yaxın hissəsi həll olunur, amma yerdə qalan hissəsi problemli kreditlər kimi yenidən bankların və vətəndaşların üzərində bir yük kimi qalacaq.

10 min ABŞ dollarından çox kredit götürən şəxslərin borcunda 10 min dollara qədər olan hissəyə bu fərman şamil olunmayacaq. Rəsmilər bunu problemli kreditlərin 95 faizinin on min ABŞ dollarına kimi olması ilə izah ediblər.

2015-ci il fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutasının - manatın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi.

1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ona qədər isə uzun illər 1 dollar 78 qəpik olmuşdu. Manatın məzənnəsinin dəyişməsindən sonra minlərlə vətəndaş bankdan ABŞ dolları ilə götürdükləri kreditləri qaytarmaqda çətinliklə üzləşdi. Konstitusiya Məhkəməsi bu barədə bankların xeyrinə qərar çıxarsa da, bu məsələni həll edə bilməmişdi.

Son bir ildə isə manatın məzənnəsi sabitdir - hazırda 1 ABŞ dolları 1 manat 70 qəpik civarındadır.

13. Güzəşt tətbiq olunduqdan sonra yerdə qalan borcun ödənilməsi necə həyata keçiriləcək?

Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır.

Bu məqsədlə Mərkəzi Bankın banklara illik 0.1%-lə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur.

14. Nə qədər insanın kredit borcuna güzəşt tətbiq ediləcək?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək.


Kredit məsələsi: Kim bu qərardan yararlanacaq? - 14 suala iqtisadçılardan CAVAB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: ABŞ-ın hərbi gəmiləri tam nəzarətimizdədir!
    Sepah rəsmisi Fars körfəzi ilə bağlı danışıb.
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ