Təcili

Məlumat

Xanım Zeynəb (s.ə) kimdir? (I hissə)

Xanım Zeynəb (s.ə) kimdir?

MÜQƏDDİMƏ

Ülgü və nümunələr

Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bəzi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl meyarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.

İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bəzən başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə məruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər.

Quran əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl nümunə adlandırırıq. Elə ki, buyurur:

(Ləqəd kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl axirə və zəkərəllahu kəsirən)

“Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”

Bu gün bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki, ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma, bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə qədər yaxın olsalar, o qədər kamil olarlar.

Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı parlayır.

Bu kitab, Kərbəla qəhramanının həyatının qısa araşdırmasıdır. Onun həyatının bir hissəsi gözəl nümunə sorağında olan imanlı bacılara yaxşı bir örnək ola bilər.

Bu xanımın həyatını neçə hissədə xülasə etmək olar:

1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr;

2.Anasının vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı;

3.Həzrət Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr;

4.İmam Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr;

5.Onun son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu;

Aşuradan sonra Hüseyn hərəkatının rəhbərliyindən 62-ci Hicri ilində bir dünya iftixarla Allah görüşünə nail olana qədərki dövr. Və xoşbəxtlikdən bunun hamısı bu kitabda araşdırılmışdır.

Biz, bu kitabın nəşri üçün “Fədakarlar İslami Təhqiqat Mərkəzinə” təşəkkür etməklə yanaşı, onu mütaliə etməyi bütün cavanlara, xüsusilə də əziz bacılara tövsiyə edirik. Ümidvarıq ki, belə kitablar ucuz qiymətə və yuxarı tirajla əxlaqsevərlərin ixtiyarına qoyulsun. çünki, bu cür əsərlər qərbin bizə sarı yönəlmiş mədəniyyət hücumu qarşısında müsbət addım və güclü manedir.

Qum. İmam Sadiq müəssisəsi.

Ustad Cəfər Sübhani 8/6/74.

 

ÖN SÖZ

Müasir dövrümüzün elm zərurətlərindən biri də dini elmlərin aydın və zəngin dəyərlərini daha dərin və geniş bəyan etməkdir. Heç şübhəsiz bu elmlərdən biri də Allah övliyalarının nəzəri və əməli davranışlarının nəhayətsiz üfüqlərinə bələd olmaqdır.

Din övliyaları və mərifət sahiblərinin müqəddəs həyatlarında diqqətli fikir və dərin araşdırmalar, həqiqət aşiqlərinin yoluna bir çıraq ola bilər ki, öz canlarını o əzəmətli nümunələrin həyatının axar çeşməsi ilə paklayıb. Həyat yollarına o pak ruhların ilahi feyzi ilə təravət bəxş etsinlər.

“Fədakarlar İslam Təhqiqat Mərkəzi” bu əhəmiyyətli işi yerinə yetirmək, əziz müharibə əlilləri və Allah yolu fədakarlarının elmi ehtiyaclarını təmin etmək və həmçinin isar elmini bəyan etmək üçün dini maarif və tarix sahəsində bir məcmuə hazırlamaqda səy göstərmişdir.

Əlinizdəki kitab o topludan biri və bu mərkəzin əməkdaşlarının səyinin məhsuludur. Bu kitabda, nübüvvət və Vilayət ailəsində tərbiyə olunanlardan biri, Siddiqey-Tahirə Həzrət Zeynəb (s)-ın şərəfli həyatının mütaliə və araşdırmasına səy göstərilmişdir. Heç şübhəsiz, o yer mələyinin bütövlükdə bəndəçilik, mənəviyyat, səbr və dözümdən ibarət olan səmavi həyatı barədə düşünmək, hamının, xüsusilə də qadınların və Allah yolu fədakarlarının təkamülünə, ilahi məqama yaxınlaşmasına kömək olacaqdır.

Bu kitab, tarixə istinadlı araşdırma, mötəbər mənbələrdən istifadə və rəvan nəsrlə yazılmış, o həzrətin şəxsiyyəti və həyatının qəribə xüsusiyyətləri və dərslərinin vəsflərindən bəhs etmişdir.

Möhtərəm oxucuların nəzər və tövsiyələrini böyük məmuniyyətlə qarşılayır və böyük Allahdan mərifət və itaət üçün tofiq diləyirik.

Qum Fədakarlar İslami Təhqiqat Mərkəzi.

 

BİRİNCİ FƏSİL

Vilayət çiçəyi

Təvəllüd

Atanın zinəti

Səmavi ad

Peyğəmbər (s) ilə birlikdə

Dərdli yuxu

Birinci hadisə

Anası Fatimə ilə görüş

Haqqın müdafiəsi

Sonuncu görüş

Anasından sonra

Şərikli həyat

Zeynəbin həyat yoldaşı

Ev mühitində

Ata məktəbində

Səbr və dözüm

Ədalət

Zülmlə mübarizə

Ata müsibəti

İmam Həsən (ə)-ın imamət dövrü

 

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. O ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir və Cəbrəil Əlinin məclislərinə girmək üçün izn istəyir. O ailə ki, ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.

Onlar Peyğəbmər və onun Əhli-beytidirlər ki, Allah məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam.

Onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər - Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyn (s).

Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı.

 

TƏVƏLLÜD

Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!

Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

 

ATANIN ZİNƏTİ

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

 

SƏMAVİ AD

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.

Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.

Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

 

PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

 

DƏRDLİ YUXU

Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”

Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:

“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

 

BİRİNCİ HADİSƏ

çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.

 

ANASI FATİMƏ İLƏ GÖRÜŞ

Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.

Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.

Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

 

HAQQIN MÜDAFİƏSİ

Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.

O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.

 

SONUNCU GÖRÜŞ

nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:

“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.

Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.”

Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

 

ANASINDAN SONRA

Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı “Əmaməyə” mənsub idi.

Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.

Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

 

ŞƏRİKLİ HƏYAT

Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.

Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.

Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.

 

ZEYNƏBİN HƏYAT YOLDAŞI

Əbdüllah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.

Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.

Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.

Əbdüllahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.

Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.

 

EV MÜHİTİNDƏ

Heç şübhəsiz, insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı uşaqlıq çağıdır. Bu dövr də başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və ictimai mühit daha təsirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-birləri və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə bir-başa təsir göstərib, incə və həssas qəlbini öz təsiri altına alır.

Ata və ana böyütdükləri uşaq vasitəsi ilə öz hərəkət və rəftarlarının yaxşı və pisliyini müəyyən edə bilərlər. Bu mənada uşaq onlar üçün güzgü rolunu oynayır və uşağın xarakter və xüsusiyyətləri onların əxlaqının xülasəsi hesab olunur.

Uşaqlarda olan bu əks təsirə görə onların tərbiyəsi, eləcə də fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu tərbiyələrin təsiri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.

Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli tərbiyələrindən asılı hesab etmək olar.

Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı, səfa-səmimiyyət, eşq və mənəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu məsum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.

Zeynəb bu mühitdə və belə bir ata-anasının təsiri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.

Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.

O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mənəviyyət yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: “Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi”.

Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.

O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının çırpı və su gətirdiyini, anasının xəmir hazırlayıb çörək bişirdiyini görmüşdü. O bilirdi ki, qadının cihadı ərinin qulluğunda durub yaxşı evdarlıq etməkdir.

Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz həyatının ən şirin xatirələrindən hesab edirdi.

O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət və islami dəyərləri qorumaq dərsi alıb bu yolda fəaliyyət və mübarizəni özünə vacib bilirdi.

Beləliklə, Zeynəbi-Kubra vilayət evində böyüdü, onun şəxsiyyəti bu tərbiyələr sayəsində formalaşdı. Onu, ata-anasından öyrəndiyi əxlaq, tərbiyə, mərifət və insani fəzilətlər simvolu hesab etmək olar. O, indi ailə quraraq ər evinə gedir, sonralar isə bu müqəddəs səngərdə nümunə olaraq öz vəzifəsini yerinə yetirib, İslam üçün mübariz övladlar tərbiyə edəcəkdi.

 

ATA MƏKTƏBİNDƏ

Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.

 

SƏBR VƏ DÖZÜM

O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.

Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.

Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.

Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.

 

ƏDALƏT

İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın təkidi ilə xilafət kürsüsünə əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən, rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir deyildilər: “And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə izdivac etmiş və ya kəniz almış olsalar belə”.

Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi qarşısında buyurdu: “Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?”

Əlinin (ə) hakimiyyət dövrü düşmənlərlə döyüş və mübarizədə keçmişdir. Onlar öz maddi məqsədlərinə çatmaq üçün avam və həris insanlardan məharətlə istifadə edirdilər. Əlinin (ə) qarşısında Müaviyə kimi təhlükəli və hiyləgər düşmənlər dururdu. Bu rəzil insanlar öz məqsədləri naminə bütün vasitələrdən istifadə edirdilər. Əli (ə) istər bu zəhərli ünsür, istər dünya eşqi ilə yanan və Peyğəmbərin həyat yoldaşı Aişədən istifadə edən Cəməl süvariləri (Təlhə və Zübeyr) və istərsə də təqva adı altında onunla düşmənçilik edən, qətlini vacib bilən avam və yazıq Xəvaric dəstəsi ilə mübarizədən başqa bir yol görmürdü.

Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.

 

ATA MÜSİBƏTİ

Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.

Kufə şiələri nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.

O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi.

Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.

 

İMAM HƏSƏN (Ə)-İN İMAMƏT DÖVRÜ

İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət olmuşdur. Bu xalq Əlinin (ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.

İmam Həsən Müctəba (ə) belə bir xalq və belə bir ruhiyyələrlə üzləşmişdir və təbii ki, bu xalqla işləmək, onlarla düşmənə qarşı mübarizə aparmaq faydasızdır. Onlardan gözləmək olar ki, imamın ayağı altından səccadəni çəkib, özünü təhqir etsinlər və ya onu öldürməyə çalışıb, qılıncla yaralasınlar.

Zeynəb qardaşı Müctəbanın imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.

O, şahid oldu ki, Əhli-beytin müdafiə iddiaçıları çətinlik və imtahan zamanı zəiflik göstərir, dini və mənəvi dəyərləri fani dünyaya satıb məsum və ilahi rəhbərlərini öz şeytani arzularına qurban edirlər. Zeynəb dost və düşməni tanıyır, imamının istəklərini icra etməkdən başqa bir şey düşünmürdü.

Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (ə) oxuduğu şerlərdən onların da şəhadətini duyaraq fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».

Bəli, bütün bu müsibətlərdə Zeynəbin şüarı həmən Seyyidüş-şühədanın şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:

«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».

“Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”

 

2-Cİ FƏSİL

ŞƏHADƏT KARVANINDA

Şəhadət karvanında

Yezid hökumətinin başlanması

İmamın Yezidin qarşısında mövqeyi

Hicrət

Məkkədən Mədinəyə hicrət

Gecə karvanı

Hüseynlə yanaşı

Karvanda məsuliyyət

Məkkəyə giriş

Müslim ibni Əqilə tapşırıq

Hərəkat qəsdi

Müslümün qiyamı və İmamın hərəkatı

Ümumi dəvət

Əbdullah ibni Cəfərin məktubu

Acı xəbər

Zeynəb nə eşitdi?

Kərbəla və əbədiyyət

Kərbəlaya giriş

Zərurətin sübutu

Yezidlə beyət heç zaman!

Düşmən qarşısında müqavimət

Tasua günü

Aşura gecəsində Zeynəb şəfqəti

Zeynəb Bəni-haşim müdriki

Zeynəbi üzən xəbər

Seyyidüş-şühəda müsibətinin əzəməti

İmamın Zeynəbə tövsiyələri

Zeynəbdən öyrəniləsi dərs

Gecənin qaranlığında

Zeynəbin İmamla söhbəti

Sübh açılır

Eşq namazı

İmamın sözü

 

Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.

Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.

Həzrət Zeynəbin tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq imam Hüseyn (ə)-ın əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Zeynəbin böyük vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq:

 

YEZİD HÖKUMƏTİNİN BAŞLANMASI

Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi.

Onun hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin təqib olunacağını isə rəsmi surətdə elan olunmuşdu.

O, Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əli (ə)-ın namaz mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: Məgər Əli namaz qılardı?

Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.

Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən onun üçün beyət almasını əmr etdi.

 

İMAMIN YEZİD QARŞISNDA MÖVQEYİ

İmam Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-beytə meyli var və onun Yezidlə beyəti bütün müsəlmanların onunla beyəti deməkdir.

İmam (ə) Yezid hökumətini qeyri-şəri və fasiq bilirdi. Bunun üçün də Mədinə hakiminə cavabında buyurdu: “Biz kəramət Əhli-beyti və risalət xəzinəsiyik... Mən babam Rəsulullahdan eşitdim ki, buyurdu: “Əbu Süfyan övladlarına xilafət haramdır,” belə olan halda mən bu sülalə ilə necə beyət edə bilərəm.

Bu hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibni Əli səni xilafətə layiq bilmir və səninlə beyət etmək fikri də yoxdur. Əmrin nədir?

Yezid cavab yazdı ki, məktubu alan kimi dərhal mənim müvafiq və müxaliflərimi müəyyən edib, Hüseyn ibni Əlinin başı ilə birgə mənə göndər.

 

HİCRƏT

Hicrət kəlməsi gözəl bir ifadə olub, Quranda “iman” və “cihad” kəlməsi ilə yanaşı işlənilmişdir.

Əgər İslamın tərəqqi amillərindən biri də həmin hicrət olub desək yanılmarıq. Peyğəmbərin təklifi ilə bəzi müsəlmanların Məkkədən Həbəşəyə və Peyğəmbər və müsəlmanların Məkkədən Mədinəyə ümumi hicrəti çoxlu əsər və bərəkətlərin mənşəyi olmuşdur.

Peyğəmbərin hicrəti islam və müsəlmanlar üçün ciddi dəyişiklik yaradıb, onun ilkin islam hökumətinin bərqərar etməsinə zəminə yaratdı. Sonra isə müsəlmanların mübarizə və fədakarlığı ilə islamın izzət və əzəməti gün-gündən artdı və beləliklə, hicrət müsəlmanların tarix başlanğıcı hesab olundu. Bu elə bir hicrət idi ki, islam hökumətinin möhkəm sütunlarını bərpa etdi və onun vasitəsi ilə islam ayaq tutub yeriməyə başladı.

 

MƏKKƏDƏN MƏDİNƏYƏ HİCRƏT

Lakin, islam tarixində bir hicrətlə də rastlaşırıq ki, Mədinədən Məkkəyə olmuşdur. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin zəhmətinin nəticələrini qorumaq üçün başladı.

Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir.

“Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılıqa dəvət edib pislikdən çəkindirəm, babam Peyğəmbər və atam Əli ibni Əbi Talibin yolu ilə gedəm.

 

GECƏ KARVANI

Hicrətin 60-cı ili, Şəban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir.

Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.

O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrəilin və Quranın nazil olduğu yer olmuşdur. O Mədinə ki, 56 il qabaq, yəni Hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona xüsusi əzəmət və gözəllik bəxş etmişdi.

O dövrdən çox keçirdi. Xalq Əhli-beytin əzəmətini Peyğəmbərin onlarla rəftarında müşahidə etmişdi. Peyğəmbərin öz qızı Fatimənin əlini necə öpdüyünü, balaca Hüseyni qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə həmən bu Mədinədə Təthir ayəsi nazil oldu:

«İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl bəyti və yutəhhirəkum təthirən».

Həmən Mədinədə ki, Əhli-beytin əzəmət və isarı «Həl-əta» surəsi nazil oldu. Həmin Mədinədə idi ki, Peyğəmbər dəfələrlə Əhli-beyt barəsində xalqa tövsiyə etmiş, onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər buyurdu:

«Əl Həsənu vəl Huseynu seyyida şəbabi əhlil cənnəti».

Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır. Həmin Mədinədə Peyğəmbər buyurdu:

«Əhəbəllahu mən əhəbbə Huseynən».

“Hüseyni sevəni Allah sevər.”

Bu gün isə Hüseynin Mədinədə qalmağa yeri yoxdur. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları da ağlayaraq onun karvanını yola salırdı. Onların hamısı onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görüblər.

İmam Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər, Fironun zülmündən qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb öz hicrətinə başladı.

 

HÜSEYNLƏ YANAŞI

Tarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif məlumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədə çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.

Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.

Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi.

O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır.

Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.

 

KARVANDA MƏSULİYYƏT

Zeynəb karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.

Zeynəb bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir. O, Zəhra yadigarıdır və elə bil, anasının əvəzinə Hüseyn və övladlarına gözlənilən müsibət və bəlalara hazır olur.

Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə yerinə yetirirdi.

Tarixdə bəzi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq, cürətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir. Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mənəvi əlaqəsi və öhdəsinə qoyulmuş böyük məsuliyyət bu həqiqətə əyani sübutdur.

O, Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və ondan qabaqkı günlər baş verən hadisələr, imam Hüseyn (ə)-ın Zeynəblə söhbəti, onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun karvanda olan məsuliyyətini göstərir.

Zeynəb imam Hüseyn (ə) sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı.

 

MƏKKƏYƏ GİRİŞİ

Karvan Məkkəyə yetişdi və imam Hüseyn (ə)-ın neçə günlük səfəri Mədinədən Məkkəyə çatmaqla sona çatdı. Seyyidüş-şühəda şəhərə daxil olanda Qurandan bir ayə oxudu: Bu ayə həzrət Musanın Mədinəyə daxil olarkən dediyi sözlər idi:

«Vələmma təvəccəhə tilqaə mədyənə qalə əsa rəbbi ənyəhdiyəni səvaəs-səbil».

Məkkə imam Hüseyn (ə) üçün münasib mövqeyə malik idi. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşə bildi.

İmam Hüseyn (ə)-ın Məkkədə qalmasından qırx gündən artıq vaxt keçirdi. Bu müddət ərzində Kufə şiələrindən saysız məktublar çatırdı. Onlar öz məktublarında əməvi hökməti ilə mübarizə aparacaqlarını elan edir və imam Hüseyn (ə)-ın hökumət və rəhbərliyini qəbul etdiklərini bildirirdilər.

 

MÜSLÜM İBNİ ƏQİLƏ TAPŞIRIQ

İmam Hüseyn (ə) Kufə şiələri tərəfindən gələn və imamı himayə etmələrini bildirən məktublar selinə cavab olaraq bir məktub yazıb buyurdu: “Mən qardaşım, əmim oğlu və bizim xanədanın etimad etdiyi Müslüm ibni Əqili göndərirəm. Əgər iddialarınızın doğruluğu barəsində xəbər göndərsə və sizin yazdığınız kimi olduğunuzu bildirsə yanınıza gələcəyəm.

İmamın rəsmi nümayəndəsi, Müslüm ibni Əqil mübarək Ramazan ayının ortası Məkkədən çıxıb Şəvvalın 5-də Kufəyə daxil oldu. Kufədə imam Hüseyn (ə)-ın nümayəndəsi misilsiz tərzdə qarşılandı və 18000 nəfər Müslümün vasitəsi ilə İmama beyət etdilər. Müslüm onların himayəsinə əmin olandan sonra İmama bir məktub yazıb, Həzrəti Kufəyə dəvət etdi.

 

HƏRƏKAT QƏSDİ

Müslüm ibni Əqilin məktubu Məkkədə imam Hüseyn (ə)-a yetişdi. O həzrətin Məkkədə qalmasından 4 aydan artıq vaxt keçirdi. Həcc mərasimi günləri çatmışdı. Məktubun həcc mərasiminə təsadüf etməsi İmamın həcc əməllərindən sonra Kufəyə getməsinə səbəb oldu. Bu səbəbdən imam ehram libası geyinir və möhrim olur. Sonra bilirlər ki, Yezidin muzdur məmurlarından bir qurupu həcc əməlini yerinə yetirmək adı altında Məkkəyə gəlirlər ki, İmamı tutub Yezidin yanına aparsınlar və ya öldürsünlər. Buna görə də Həzrət Allah evinin hörmətini qorumaq üçün həcci ümrəyə çevirib ehramdan xaric olur və elə həmin gün qərara gəlir ki, Məkkədən Kufəyə hərəkət etsin.

 

MÜSLÜMÜN QİYAMI VƏ İMAMIN HƏRƏKATI

İbni Ziyadın Kufədə yaratdığı qorxu və vəhşət və kufəlilərin vəfasızlığı səbəb oldu ki, Müslüm ibni Əqil ilə beyət edib İmamı himayə etmək istəyən Kufə əhli ani olaraq öz sözlərini geri götürüb, İmamın nümayəndəsini tək qoysunlar.

Beləliklə, neçə gün bundan əvvəl 18000 mindən çox adamı olan Müslüm tək-tənha qalıb İbni Ziyad əskərləri tərəfindən qətlə yetirildi.

Kufə əhlinin vəfasızılığı və Müslümün qətli zamını, yəni 60-cı il Zilhiccə ayının səkkizi imam Hüseyn (ə)-da Məkkədən çıxdı. O vaxtacan Kufə əhlinin vəfasızlığı barəsində İmama heç bir məlumat çatmamışdı. Odur ki, Həzrət kufəlilərin rəsmi dəvətinə və Müslümün məktubuna əsasən İraqa tərəf yola düşdü.

 

ÜMUMİ DƏVƏT

İmam (ə) Məkkədən çıxan zaman bir xütbə oxuyub orada bəzi gələcək hadisələri təkrarlayaraq özünün şəhadətə olan eşqini izhar etdi. Sonda isə, bir cümlə ilə Əhli-beyt yolunda şəhadət aşiqləri və Allah görüşünə nail olmaq istəyənlərə öz ümumi dəvətini bildirdi:

“Həmd Allah üçündür. Allah istədiyi olacaqdır və onun iradəsindən başqa heç bir qüvvə hökm edə bilməz. Allahın salamı olsun Onun Rəsuluna”.

Boyunbağı qızlara yaraşdığı kimi, ölüm də insanlar üçün lazımdır. Yəqubun Yusifi görməyə eşqi nə qədər idisə, mənim də ata-babalarımı görməyə eşqim o qədərdir. Mənim üçün bir qətligah təyin olunub və elə bil, öz gözlərimlə görürəm ki, çölün vəhşiləri (Kufə ordusu) nəvavis və Kərbəla arasında mənim bədən üzvlərimi tikə-tikə doğrayıb öz ac qarınlarını doyururlar. Qəza və qədər qələmi ilə yazılan bir işdən çarə və çıxış yolu yoxdur. Allahın razı olduğu hər bir şeyə biz də razıyıq. Bəla və imtahan qarşısında səbr edib dözərik. Allah səbr edənlərə vəd etdiyi əcri bizə əta edəcəkdir. Peyğəmbərlə onun övladları arasında heç vaxt ayrılıq düşməyəcək. Səfalı behiştdə onun yanında olacaqlar. çünki, (dünyada) onun şadlığına səbəb olublar və onun vədəsi də (Allah hökmətinin bərpası) onların vasitəsi ilə həyata keçəcəkdir.

Bilin ki, mən sabah sübh hərəkət edəcəyəm - İnşəallah. Sizlərdən bizim yolumuzda öz qanından keçməyə və canını Allah görüşü və şəhadət yolunda qurban verməyə hazır olan hər bir kimsə bizimlə səfərə hazırlaşsın.

 

ƏBDULLAH İBNİ CƏFƏRİN MƏKTUBU

İmam Hüseyn (ə)-ın Məkkədən Kufəyə getməsi xəbəri sürətlə hər yerə yayıldı. çünki, Hüseyn müsəlmanlar üçün adi bir adam və hərəkət günü də - Zilhiccənin səkkizi - adi bir gün deyildi ki, İmam Məkkədən çıxsın.

İmam bu hərəkəti ilə hamını düşündürürdü ki, niyə peyğəmbər övladı həcc əməlini sona çatdırmadan Məkkəni tərk etsin. Bu iş Məkkədə olan və İmamın hərəkətini eşidən bütün müsəlmanların marağını artırdı. Bununla da Əməvi hökumət başçılarının rüsvayçılığı və müsəlmanların imamı gözləyən təhlükələr sarıdan nigarançılığına bais oldu.

İmamın Məkkədən hicrət səbəbini eşitməklə bəziləri xeyirxahlıq və nəsihət məqsədi ilə İmamı Kufəyə sarı başladığı hərəkətdən saxlamaq istədilər. Seyyidüş-şühədanın getmək xəbərini eşitməklə, onu bu fikirdən daşındırmaq üçün məktub yazanlardan biri də Əbdullah ibni Cəfər, İmamın əmisi oğlu həzrət Zeynəbin əri idi. O, öz məktubunda məhəbbət və canıyananlıqla İmamın gələcəyindən narahat olduğunu bildirməklə yanaşı, xahiş etdi ki, həzrət bu fikirdən daşınsın. O, öz məktubunu Oun və Məhəmməd adlı iki oğlu vasitəsilə imama təqdim etdi və sonda əlavə etdi ki, məktubdan sonra özüm də sənə yetişəcəyəm.

 

ACI XƏBƏR

Züheyr ibni Qin kimi bəziləri vəfalı və mömin həyat yoldaşının təşviqi ilə imamın dəvətinə ləbbeyk deyir. Bəziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar.

Karvan əhli gecə vaxtı Sələbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər.

Onlar: Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi?

Həzrət o iki nəfərə və öz dostlarına baxıb buyurdu: Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur.

Bizə doğru və mötəbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər.

Həzərt bu xəbəri eşidən kimi neçə dəfə buyurdu:

«İnna lilla və inna iləyhi raciun».

“Allah onlara rəhmət etsin” Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və heç bir məsuliyyəti də yoxdur”. Bu sözdən sonra bir dəstə həzrətin dövrəsindən dağıldı və İmam Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu imam Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.

 

ZEYNƏB NƏ EŞİTDİ?

İmam Hüseyn (ə)-ın İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə bağlı nəql etdiyi ilk macəra “Xüzeyriyyə” adlı bir mənzilə aiddir. İmam bir gecə və gündüz burada qaldı.

Bir səhər Zeynəb imamın xidmətinə yetişib dedi: «Qardaşım, dünən eşitdiyim bir sözü sənə söyləyimmi?» İmam buyurdu: «nə söz?» Zeynəb dedi: Dünən gecə xeymədən çıxdım. Eşitdim ki, qeybdən səda gəlir və deyir: “Ey göz, səy et, çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa edənlərə ağlasın?”

İmam bu sözləri eşidib buyurdu: “Bacı, Allahın hökm verdiyi və öz qəzasında yazdığı olacaqdır.”

Bu hadisə həzrət Zeynəbin öz qardaşı ilə sirdaş və həmdəm olduğunu göstərir.

 

KƏRBƏLA VƏ ƏBƏDİYYƏT

“Kərbəla” şiə lüğətnaməsində çox işlənən sözlərdəndir. Bir müsəlman tapmaq olmaz ki, Kərbəla adını eşitməmiş olsun. çünki, Kərbəla islam və Quranla, izzət və cihadla və bütün yaxşılıqlarla sıx bağlıdır.

Axı Kərbəlaya biganə olan kəs, könlünü nəyə verəcəkdir? Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi?

Əgər bu gün dünyada xalis tohid parlayır və Kəbə, Allah və islam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn (ə)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı. Məgər bu qiyam Peyğəmbər dinini diriltmək və islami dəyərləri qorumaq üçün deyildimi ki, Allah Rəsulunun yerində Müaviyə və Yezid kimi murdar iddiaçılar oturmuşdular?

Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Bu orada, Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir.

Zeynəbin Kərbəlaya daxil olması ilə onun həyat tarixi də əbədiyyətə qovuşdu. Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var. Kərbəla tarixi həm də Zeynəb tarixi deməkdir.

Bu əzəmət və cəlal Zeynəbin Kərbəladakı və Aşuradkı sonrakı həyat tarixinin onun həyatının başqa dövrlərindən daha aydın səbt olunmasına səbəb olub.

 

KƏRBƏLAYA GİRİŞ

İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra - 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.

İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurdu: “Enin. Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub:”

 

Rahat olun mənziliniz Kərbəla

Hər qarışı könlünüzə aşına.

 

Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır.

 

Ardı burada

 

Mənbə: Məhəmməd İştiharidi, "Xanım Zeynəbin (s.ə) həyatı", Tərcümə edən: Vüsal Hüseynzadə və Maqsud Sayil, «Məhdiyyə» nəşriyyatı, 2000

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ