Sina Bərköz kimdir?

Sina Bərköz kimdir?

Əslən Azərbaycanlı dünya şöhrətli memar Prof. Dr. Sina Bərköz Şəkidə doğulmuş, 1905-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komandanı olmuş general-polkovnik Mehmet Nuri Bərközün (1889-1975) oğlu, Türkiyə 3-cü Ordusunun komandanı və Milli Təhlükəsizlik Təşkilatının Baş katibi olmuş ordu generalı Mahmud Bərközün (1895-1989) qardaşı oğludur. Ana tərəfdən də yenə Türkiyə Ordusunda general olmuş Şəkili Darğazadə Həsən Behcət paşanın (1863-1925) nəvəsidir.

Sina Bərköz 1936-cı ildə İstanbulda doğulub. 1960-da İstanbul Texnik Universiteti (İTU) Memarlıq fakültəsini bitirərək “yüksək mühəndis memar” adı alıb. 1968-də “doktor mühəndis”, 1972-də “universitet dosenti” və 1979-da da “universitet professoru” akademik ünvanlarını qazanıb.

1960-1972-ci illər arasında İTU Memarlıq fakültəsində tədris üzvü (müəllim) yardımçısı, 1972-1982-ci illər arasında da tədris üzvü (müəllim) olaraq çalışıb. Bu dövrdə 1969-1971-ci illərdə Amerika Birləşmiş Ştatlarında Kornell və Kanzas universitetlərində Fulbright proqramı çərçivəsində müəllim olaraq dərs verib və araşdırmalar aparıb.

1980-1988-ci illər arasında Səudiyyə Ərəbistanında Kral Səud Universitetinin Memarlıq və planlama fakültəsinin Memarlıq bölümündə professor olaraq çalışıb.

1988-də Türkiyəyə döndükdən və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İTU-nun Memarlıq fakültəsində işləməyə başlayıb.

1992-də Memar Sinan Universitetinin (MSU) Memarlıq fakültəsində müəllimlik edib. 1997-də Səudiyyə Ərəbistanında Kral Feysəl Universiteti Memarlıq və planlama fakültəsindən aldığı təkliflə MSU-nun icazəsiylə həmin fakültənin İnşaat elmi və texnologiyası bölümündə 1998-1999-cu tədris ilinin sonunadək qonaq professor vəzifəsində çalışıb.

2000-də öz istəyi ilə MSU-dan təqaüdə çıxaraq Bəhreyn Universitetinin mühəndislik fakültəsində professor olaraq fəaliyyət göstərib. İndi də bu universitetdəki akademik və idari vəzifələrinə davam etməkdədir.

İxtisas sahələri inşaat texnologiyası (Building Technology) və inşaat layihə idarəsidir (Construction Project Management). İnşaat layihə idarəsi ixtisası daxilində xüsusilə kompüter dəstəkli araşdırma və tətbiq mövzuları ilə maraqlanmaqdadır.

Prof. Dr. Sina Bərköz Avstraliyada yayımlanan “Architectural Science Review” adlı dərginin 1976-cı ildən 2000-ci ilədək redaksiya heyətinin üzvü vəzifəsini daşıyıb (Bəhreynə gedərkən bu vəzifəni buraxıb); ABŞ-dakı PMI-Project Management Institute, CMAA - Construction Management Association of America ilə ACCE - American Council for Construction Education adlı qurumların da üzvü olub.

 

Mənbə: adam.az

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ