İmam Səccad (ə) kimdir? (I hissə)

İmam Səccad (ə) kimdir?

* - Diktatura mühitində Kərbəla inqilabının carçısı

*Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?

*İmamın mübarizəsinin cəhətləri

*Səhifeyi-Səccadiyyə - maarif xəzinəsi

*Kimsəsizlərə yardım

*Tərbiyə mərkəzi

 

İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat


İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu[1] olmuş, ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində[2] dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.

 

İmam Səccad (əleyhissəlam) ilə həməsr olmuş xəlifələr
İmam Səccad (əleyhissəlam) öz İmamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə həməsr olmuşdur:

1. Yezid ibn Müaviyə (61-64 h.q);[3]

2. Abdullah ibn Zübeyr (61-73 h.q);[4]

3. Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);

4. Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);

5. Əbdülməlik ibn Mərvan (65-86 h.q);

6. Vəlid ibn Əbdülməlik (86-96 h.q).

 

İmamın xəstəliyi İlahi bir məsləhət idi


Təəssüflə qeyd etməliyik ki, müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (əleyhissəlam) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş,[5] müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (əleyhissəlam) xəstələnməsəydi, gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”[6]

Məhəmməd ibn Sə’d yazır: “Əli ibn Hüseyn əleyhissəlamın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də, döyüşdə iştirak edə bilməmişdir.”[7] Həmçinin, Məhəmməd ibn Sə’d qeyd edir ki, Şimr İmam Hüseyn əleyhissəlamı öldürdükdən sonra İmam Səccad əleyhissəlamın üstünə gəldi. O, xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: “Bunu öldürün!” Onun yanındakılardan biri dedi: “Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Sə’d gəlib dedi: “Qadınlar və bu xəstə ilə işiniz olmasın.”[8]

Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Sə’d gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O, öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”[9]

Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu, onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.

İmam Səccad (əleyhissəlam) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət etmişdi. İmam əleyhissəlamın Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla İmam Səccad (əleyhissəlam) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən İmam Səccad (əleyhissəlam) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?”[10]

 

Kərbəla inqilabının carçısı


Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.

Əməvi hökumətinin Müaviyyənin dövründən e’tibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Səccad əleyhissəlamın təbliğati mübarizələrini İmam Hüseyn əleyhissəlamın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bununla kifayətlənirik.

 

Diktatura mühiti


İslam peyğəmbərinin vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən (bu dörd dövrü Həzrət Əli əleyhissəlamın həyatı bölməsində izah etmişik), İmam Səccad əleyhissəlamın həyatı dördüncü dövrə təsadüf edir. Yə’ni, silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq; Peyğəmbər ailəsi vasitəsilə uzun müddətli İslam hökuməti yaratmaq uğrunda sə’y göstərmək; bu məqsədə çatmaqdan ötrü zəminə yaratmaq üçün mədəni tədbirlər vasitəsilə münasib insani qüvvələri tərbiyə etmək; əsl İslami fikirləri bəyan etmək, mövhumat və bid’ətləri üzə çıxarmaq.

Bu məsələ haqqında qısa məlumat verək.

Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində, xüsusən İraq və Hicazda şiə məclislərində ümumi bir qorxu hökm sürməyə başladı. Çünki mə’lum oldu ki, (İslam aləmində hamı tərəfindən əzəmətlə, e’tibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi, Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə, xüsusilə Hicazda Mədinəyə, İraqda isə Kufəyə möhkəm represiya hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər, öz təşəkküllərini itirdilər. İmam Səccad (əleyhissəlam) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.”[11] Görkəmli tarixçi Məs’udi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”[12] İmam Sadiq (əleyhissəlam) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: “Camaatın üç nəfər istisna olmaqla hamısı Hüseyn ibn Əli əleyhissəlamdan sonra (onun şəhadətindən sonra) döndü: (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar): Əbu Xalid Kabili, Yəhya ibn Ummut-Təvil və Cübeyr ibn Mut’im.”[13] Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-Təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: “Biz sizinlə (yolunuzla) müxalifik, bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”[14]

Deyilməsə də, mə’lumdur ki, o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmağa yalnız acınacaqlı nəticələrə sinə gərə bilən Yəhya ibn Ummut-Təvil kimi şəxslərin qüdrəti çata bilərdi. Məhz buna görə də, Həccac ibn Yusif Yəhyanın Həzrət Əli əleyhissəlamın dostu olmasına görə əl-ayağını kəsdirmiş, sonra da onu şəhadətə yetirmişdir.[15]

Onuncu əsrin ortalarının görkəmli alimlərindən və hədisçilərindən biri və həm də İmam Cavad (əleyhissəlam), İmam Hadi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccad əleyhissəlamın İmamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr, Səid ibn Müsəyyib, Məhəmməd ibn Cübeyr ibn Mut’im, Yəhya ibn Ummut-Təvil və Əbu Xalid Kabili.”[16]

Əbdülməlikin çirkin hakimiyyəti
İmam Səccad əleyhissəlamın İmamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür, o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi, ancaq dördüncü İmamın dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki, o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır, onları ayaq altına salır və heç kim də, bir zərrə olsun belə, e’tiraz edə bilmirdi.

İmam Səccad əleyhissəlamın İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, uzaqgörən, ədib (ədəbiyyatla məşğul olan), iste’dadlı və alim kimi qələmə vermişlər.[17] “Əl-Fəxri” kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı, düşüncəli, alim, fəzilətli, ədib, iste’dadlı, çox zülmkar, çox heybətli, dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur.”[18]

Hinduşah yazır: “O, ağıllı, fəzilətli, fəsahətli, fiqh, hədis, şe’r elmlərini yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.”[19]

Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.[20] O, zahidlik, ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki, ona “məscidin göyərçini” ləqəbini vermişdilər.[21] Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Qur’an oxuyurdu. Bu xəbəri eşitcək Qur’anı bağlayıb dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”[22] Əbdülməlik doğurdan da, Qur’andan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.

Süyuti və İbn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mə’rufun qarşısını alan ilk şəxs olmuşdur.[23]

Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman), nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etməyəcəyəm. Siz bizdən Allah adamlarının, təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız, ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha, bundan belə kim məni təqvalı olmağa çağırsa, boynunu vuracağam.”[24]

Sonuncu cümləni deməsinin səbəbi o idi ki, vaiz və İmam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.[25]

Özünü peyğəmbərin canişi e’lan edib Peyğəmbər şəhərində, özü də Peyğəmbərin müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri də gör nə oyunlardan çıxırdılar?

Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki, onun qəlbində iman nuru tamamilə söndü. O, bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki, yaxşı iş görəndə sevinmirəm, pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”[26]

Əbdülməlik çox vaxt Ummud-Dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-Dərda ona dedi: “Ey Əmirəl-mö’minin, eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?!” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm.[27]

Bir vaxtlar Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nə təkcə özü bu işi davam etdirdi, hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün tə’yin etdi və o da Məscidül-həram və Kə’bəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.[28]

 

Zalım valilər


İslam məmləkətinin hər bir yerində Əbdülməlikin nümayəndələri də ona baxıb camaatla zülm və ədavətlə rəftar edirdilər. Ölkənin hər bir yerində haqsızlıq və vəhşət hökm sürürdü. Məs’udi yazır: “Əbdülməlik qantökən adam idi. Onun tə’yin etdiyi valilər - İraq hakimi Həccac, Xorasan hakimi Muhlib və Mədinə hakimi Hişam ibn İsmayıl da onun özü kimi rəhmsiz və qantökən idilər.”[29]

Mədinə hakimi Hişam ibn İsmayıl camaatı o qədər təzyiqlərə mə’ruz qoymuş və Peyğəmbər ailəsinə o qədər əziyyət vermişdi ki, Əbdülməlikin oğlu Vəlid atasının ölümündən sonra hakimiyyətə gəldikdə, məcbur olub onu işdən çıxartdı.[30]

Bunların hamısından ən pisi Həccac olmuşdur. Onun İslam tarixində törətdiyi cinayətlər hamıya mə’lumdur. Əbdülməlik, Abdullah ibn Zübeyri Həccacın vasitəsilə məğlubiyyətə uğratdıqdan sonra Həccacı iki illik Hicaza (Məkkə, Mədinə və Taifə) vali tə’yin etdi.[31]

Həccac Mədinədə Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Səhl ibn Saidi kimi bir sıra səhabələri rüsvay etmək üçün onların boynuna damğa vurdu. Bu işdə bəhanəsi də o idi ki, bunlar Osmanın qatilləridirlər![32] Həccac Mədinədən çıxıb gedərkən belə dedi: “Allaha şükr edirəm ki, məni bu çirkin şəhərdən qırağa aparır. Bu şəhər bütün şəhərlərdən çirkindir. Buranın əhalisi Əmirəl-mö’mininə qarşı münasibətdə çox hiyləgər, həyasız və tənbəldir. Əgər Əmirəl-mö’mininin sifarişi olmasaydı, bu şəhəri yerlə yeksan edərdim. Bu şəhərdə Peyğəmbər minbəri adlanan bir parça çubuqdan və Peyğəmbər qəbri adlanan bir qədər çürümüş sümükdən başqa heç nə yoxdur.[33]

Yaxud Kufədə söylədiyi xütbəsində Mədinədə Peyğəmbər (s)-in müqəddəs qəbrinin ətrafında fırlanaraq onu yad edən ziyarətçiləri təhqir edərək belə demişdi: “Vay olsun onlara! Elə fırlanırlar ki, lap belə qoca mal-qaranın yerişlərinə bənzəyir. Niyə gedib əmirəlmö`minin Əbdül Məlikin qəsrinin ətrafında təvaf etmirlər! Məgər onlar bilmirlər ki, adamın xəlifəsi onun peyğəmbərindən üstündür?!”[34]

 

Həccac İraqda


Həccac Məkkə və Mədinəni öz nəzarəti altına aldıqdan sonra Əbdülməlik başa düşdü ki, iraqlıları öz yerlərində oturda bilən və onları özünə tabe edə biləcək şəxs ancaq Həccac ola bilər. Buna görə də, hicrətin yetmiş beşinci ilində İraq valiliyini (Kufə və Bəsrəni) onun öhdəsinə qoydu. Həccac Kufəyə gəldiyi andan heç də xəlifə tərəfindən tə’yin olunmuş vali kimi deyil, üz-gözünü örtmüş halda məscidə daxil olaraq camaatın arasından keçməklə minbərə qalxdı və uzun müddət sakit oturdu. Səs-küy qalxdı ki, bu kimdir? Bir nəfər dedi: “Gəlin onu daşqalaq edək”. Camaat dedi: “Yox, qoyun görək nə deyir?” Elə ki hər tərəf sakitləşdi Həccac üzünü açaraq söhbətə belə başladı: “Ey Kufə camaatı! Mən dərilmək vaxtı yetişmiş meyvələrə bənzər və bədəndən ayrılmaları labüd olan başlar görürəm. Mən bu işi mütləq yerinə yetirəcəyəm. Əmmamə ilə saqqallar arasında parıldayan qanlar görürəm.” Sonra öz dəhşətli sözlərinə davam edib camaatı elə qorxutdu ki, bir kişinin onu daşqalaq etmək üçün əlində tutduğu daş parçası ixtiyarsız olaraq yerə düşdü.[35]

Həccacın Bəsrəyə gəlişi də eynilə Kufəyə gəlişi kimi oldu. İbn Qüteybə Dinvəri onun Bəsrəyə gəlişini belə izah edir: “Həccac iki min nəfərlik Şam ordusu və onların tərəfdarlarından əlavə dörd min nəfərlik ordu ilə Bəsrəyə tərəf yollandı. Bəsrəyə girərkən onların iki min nəfərini özü ilə götürdü və belə qərara gəldi ki, cümə günü namaz vaxtı şəhərə daxil olsun. O, ətrafdakılara əmr etdi ki, məscidi mühasirəyə alsınlar və məscidin on səkkiz qapısının hər birinin ağzında yüz nəfər durub qılınclarını paltarların altında gizlətsinlər. Sonra da onlara dedi: Elə ki məsciddə səs-küy qalxdı və kimsə məsciddən kənara çıxmaq istədi, elə bir iş görün ki, başları bədənlərindən tez qırağa çıxsın.

Mə’murlar qapıların ağzında dayanıb gözləməyə başladılar. Həccacı qılınclarını paltarların altında gizlətmiş yüz nəfər önündə, yüz nəfər də arxasında müşayiət edərək məscidə gətirdi. Onun özü də qılıncını paltarının altında gizlətmişdi. Həccac gözətçilərinə dedi: “Məscidə girəndən sonra mən camaat üçün söhbət edəcəyəm. Onlar məni daşa basacaqlar. Elə ki, gördünüz mən əmmaməmi götürüb dizimin üstünə qoydum, qılınclarınızı qınından çıxarıb onları qılıncdan keçirin.”

Bu plan əsasında namaz vaxtı çatan kimi Həccac minbərə qalxıb söhbət əsnasında belə dedi: “...Əmirəl-mö’minin (Əbdülməlik) məni sizin şəhərə vali və beytül-malı sizin aranızda bölmək üçün göndərib. Mənə əmr edib ki, məzlumların köməyinə çatam, zalımların cəzasını verəm, yaxşı iş görənləri alqışlayıb, pis iş görənləri cəzalandıram. Xəlifə məni bura vali tə’yin edəndə mənə iki qılınc verdi? Biri rəhmət və mərhəmət qılıncı, digəri isə əzab və cəza qılıncı. Mərhəmət qılıncı yolda əlimdən düşdü, ancaq əzab qılıncı indi də əlimdədir...”

Camaat minbərin aşağısından Həccacı daşlamağa başladı. Bu zaman Həccac əmmaməsini başından götürüb dizinin üstünə qoydu. Gözətçilər dərhal camaatın üstünə düşdülər. Vəziyyətin belə olduğunu görən camaat məsciddən qaçmağa başladı. Ancaq kim məsciddən qırağa çıxırdısa, başı bədənindən ayrılırdı. Beləliklə, qaçanları geri qayıtmağa məcbur etdilər, sonra da onları məsciddə qırdılar. İş o yerə çatdı ki, qan məscidin qapısına, hətta bazara qədər axıb gəlmişdi.»[36] Bununla da, Həccac İraqın hər bir yerində öz qorxulu hakimiyyətini yaratdı. O, bir çox təqvalı və günahsız insanları qırdı. O, ürəklərdə elə bir qorxu yaratdı ki, bu qorxu nə təkcə İraqı, habelə Xuzistanı[37] və bütün Şərqi bürüdü.

 

Diktatura və qırğın dalğası


Görkəmli tarixçi Məs’udi yazır: “Həccac iyirmi il vali oldu. Bu müddət ərzində onun cəlladlarının qılıncı ilə, yaxud işkəncə altında öldürülənlərin sayı yüz iyirmi min nəfər idi. Əlbəttə, hələ burada Həccaca qarşı döyüşdə ölənlərin sayı nəzərdə tutulmamışdır.

Həccac ölən zaman onun zindanında (onun adı gələndə bədənlərə titrətmə düşürdü) əlli min kişi, otuz min qadın var idi. Bu qadınların on altı mini çılpaq vəziyyətdə idi.

Həccac kişi və qadınları zindanda bir yerdə saxlayırdı. Onun zindanları tavansız olduğundan məhbuslar yayın istisindən, həmçinin, qışın soyuğu və qar-yağışından bərk əziyyət çəkirdilər.[38]

 

Vəlid ibn Əbdülməlikin müsbət və mənfi cəhətləri


Əbdülməlikin ölümündən sonra onun oğlu Vəlid hakimiyyət başına gəldi. Bə’zi tarixçilər onu müsbət qələmə vermiş və onu atası Əbdülməlik, babası Mərvan və bir çoxlarından üstün tutmuşlar. Çünki Ömər ibn Əbdüləzizdən başqa Əməvi xəlifələrindən heç biri öz hakimiyyəti dövründə onun qədər hamı üçün xeyirli olan işlər görməmişdi. Vəlid öz hakimiyyəti dövründə məscidlər və müqəddəs yerlər tikdirməkdə, onları artırmaqda, tə’mir etməkdə böyük addımlar atmış öz valilərini bu işə cəlb etmişdi. Tarixçilər deyirlər: “Vəlid Dəməşqin cami məscidini tikdirdi. O, həmçinin, Peyğəmbər məscidini və eləcə də, Əqsa məscidini (Beytül-müqəddəsi) genişləndirdi. Onun əmrilə hansı şəhərdə namaz qılmaq üçün yer yox idisə, orada məscid tikildi. O, İslam dövlətini qorumaq məqsədi ilə sərhədlərdə müxtəlif qalalar tikdirdi və müxtəlif əlaqə yolları çəkdirdi, həmçinin, ölkənin müxtəlif yerlərində su quyuları qazdırdı, məktəb (mədrəsə) və xəstəxanalar saldırdı, sədəqə və dağınıq (pərakəndə) köməklikləri ləğv edib əlillər, xəstələr və ehtiyacı olanlar üçün müəyyən maaş tə’yin etdi. O, kor, əldən düşmüş və cüzam xəstəliyinə tutulmuşlar üçün istirahət yerləri tikdirdi, onlara yetişmək üçün həkim və xidmətçilər tə’yin etdi, onların yemək və istirahətlərinə yaxşı baxılmasını əmr etdi. O, həmçinin, yetim və sahibsiz uşaqları tərbiyələndirmək üçün uşaq evləri tikdirdi. Çox vaxtlar özü şəhər və bazara çıxır, qiymətlərin endirilib, yaxud qaldırılmasına şəxsən nəzarət edirdi.[39]

 

Vəlidin çirkin işləri

 

Vəlidin elmin inkişafına diqqət yetirməsinin səbəblərindən biri də, bəlkə də, onun özünün elmdən məhrum olması olmuş və o, bu yolla öz zəif cəhətini ört-basdır etmək istəyirmiş.

 

Zalım hakimlər


Vəlid zalım və pozğun adamları vali, hakim və əmir tə’yin edirdi. Bu adamlar müsəlmanları çox təzyiqlərə mə’ruz qoyurdular. Vəlidin valilərindən biri Həccac ibn Yusif idi. Vəlid atası Əbdülməlikin ölümündən sonra Həccacı öz vəzifəsində saxladı.

O dövrdən e’tibarən Şam məntəqəsi Vəlidin öz nəzarəti altında idi. İraqda Həccac, Hicazda Osman ibn Həbarə, Misirdə Qürrə ibn Şüreyk valilik edirdilər. Adı çəkilən bu şəxslərin zülm etməkdə misli yox idi. Bir qədər ədalət və insaf tərəfdarı olan Ömər ibn Əbdüləziz (Vəlidin qardaşı oğlu) bu bir neçə nəfərin hakimiyyətinə işarə edərək deyir: “Yer üzü zülm ilə dolmuşdur. İlahi, camaatı bu müsibətdən qurtar![42]”

Sanki hakimlərin bu zülmkarlıqlarına və müsəlmanların bu məzlumiyyətinə və pənahsız qalmalarına işarə edərək İmam Səccad (əleyhissəlam) öz söhbəti əsnasında o dövrün camaatını altı dəstəyə bölmüşdür. Hakimləri şirə, müsəlmanları isə şir, canavar, tülkü, it və donuz arasında qalmış və ət, dəri və sümükləri şir tərəfindən parçalanan qoyunlara bənzətmişdir.[43]

 

Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?


İmam Səccad əleyhissəlamın dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra, o Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu, diktatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki, bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki, Əli ibn Hüseyn əleyhissəlamın (İmam Səccadın) bir kənizi var idi. O, kənizi azad etmiş, sonra isə onunla evlənmişdir. Əbdülməlik İmam Səccad əleyhissəlama yazdığı məktubda bu işi İmam (əleyhissəlam) üçün nöqsan saymış və e’tiraz etmişdi ki, nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad (əleyhissəlam) onun cavabında yazdı: “Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi. O, öz kənizi ilə evlənmişdi. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı İslam vasitəsi ilə aradan qaldırır. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”[44] Əbdülməlik bununla bildirmək istəyirdi ki, İmamın hər bir işi, hətta onun daxili və şəxsi işləri belə onun nəzarəti altındadır. Belə bir şəraitdə qiyam etmək necə mümkün ola bilər? Sanki İmam Səccad (əleyhissəlam) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: “Nə çox düşmənlər vardır ki, düşmənçilik qılıncını mənə qarşı sivirmiş, qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər. Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş, məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki, öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər.

İlahi, çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü, mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi, mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.”[45]

 

İki çətin yolayrıcı


Deyilənlərdən belə mə’lum olur ki, İmam Səccad (əleyhissəlam) Aşura hadisəsindən sonra iki çətin yolayrıcına yetişmişdi: Ya öz dostları arasında həyəcan və e’tiraz hissi oyatmaqla (bunu İmam Səccad (əleyhissəlam) çox asanlıqla yerinə yetirə bilərdi) çox qəti bir hərəkata əl atıb müxalifət bayrağı ucaldaraq inqilabi bir hadisə yaratmalıydı ki, bu inqilabın da davamlı və nəticəli olması üçün lazımi şəraitin olmaması məcbur edirdi ki, İmam (əleyhissəlam) mübarizədən çəkinsin və meydanı Bəni-Üməyyə üçün azad qoysun. Ya da səthi e’tirazı, gözəl və ölçüb-biçilmiş tədbirlə cilovlamalı, ilk növbədə öz böyük işinin müqəddiməsini hazırlamalı, yolgöstərici bir fikir və həmçinin, əsas işə başlamaq üçün yaxşı kadrlar (İslam həyatının işini təzələmək, İslam cəmiyyətini və İslam nizam-intizamını yenidən qurmaq kimi işləri) hazırlamalıydı. O, Həzrət həmçinin, qısa bir vaxtda özünün və e’tibar etdiyi azsaylı dostlarının canını təhlükədən qorumalı, düşmən qarşısında meydandan çəkilməməliydi. Öz həyatı boyu o Həzrət, Bəni-Üməyyə hakimiyyətinin axtarıcı və qorxu yaradan gözündən gizlində qalmalı, bu cəbhədə (yaxşı insanlar tərbiyə etmək və yolgöstərən bir fikir öyrətmək cəbhəsində) amansız, ancaq gizli mübarizəyə məşğul olmalı, sonra da şübhəsiz ki, məqsədə yaxın olan bu yolu davam etdirərək özündən sonrakı İmama çatdırmalıydı. Mə’lumdur ki, birinci yol fədailər yoludur. Ancaq məsləki uğrunda mübarizə aparan bir rəhbər, özü də elə bir rəhbər ki, onun işinin tə’sir şüası nə təkcə öz dövrü ilə məhdudlaşır, hətta bütün tarixi əhatə edir və belə bir rəhbərin təkcə fədai olması kifayət etmir. O, eyni zamanda hövsələli, dözümlü, uzaqgörən, gələcəyi fikirləşən və tədbirli də olmalıdır. Bu şəraitin yığılıb toplanması ikinci yolu İmam Səccad (əleyhissəlam) üçün labüd edir.[46]

 

Mədinə əhalisinin qiyamı


İmam Səccad əleyhissəlamın Mədinə qiyamçılarına qoşulmamasını da məhz bu cəhətdən araşdırmalıyıq. Mədinə qiyamı hicrətin altımış üçüncü (ya da altımış ikinci) ilində baş verib. Bu qiyam tarixdə Hirrə faciəsi[47] adı ilə tanınmışdır. Bu hadisə İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra müxtəlif yerlərdə Yezidin hakimiyyətinə qarşı camaatda nifrət oyanmasına səbəb oldu. Peyğəmbər ailəsinin, qohum-əqrəbasının, səhabə və tabeinlərin[48] mərkəzi olan Mədinə şəhəri də cuşa gəlmişdi. Təkəbbür, nadanlıq və təcrübəsizlikdə Yeziddən heç də geri qalmayan Mədinə hakimi Osman ibn Məhəmməd ibn Əbu Süfyan, Yezidin göstərişi ilə[49] Mədinə şəhərinin böyüklərini əhali tərəfindən gənc xəlifə Yezidi yaxından görüb onun mərhəmətindən bəhrələnmək və Mədinəyə qayıtdıqdan sonra camaatı onun hökumətinə tabe olmağa çağırmaq üçün Dəməşqə göndərdi. Yezidin görüşünə gedən Osmanın nümayəndə hey’əti Münzir ibn Zübeyr ibn Əvam, Übeydullah ibn Əbu Əmr Məxzumi, və Abdullah ibn Hənzələ Qəsilül-məlaikə və Mədinənin bir neçə başqa adlı-sanlı adamlarından ibarət idi. Yezid nə İslami ədəb-ərkana malik olmadığından və nə də heç olmasa özünün nümayəndə hey’ətinin yanında ədəbli göstərməyi və ona tövsiyə edən bir müşaviri olmadığından, İslamın zahiri qayda-qanunlarına əməl etmədən nümayəndə hey’ətinin yanında da şərab içməklə, it oynatmaqla, eyş-işrətlə və cürbəcür çirkin işlərlə məşğul olmağa başladı. Ancaq nümayəndə hey’ətini öz sarayında çox təntənəli şəkildə qarşıladı, onlara çox hörmətlə yanaşdı və onların hər birinə müxtəlif hədiyyələr və qiyməti əlli, yüz min dinara çatan bahalı xələtlər bağışladı. O, belə güman edirdi ki, nümayəndə hey’əti Dəməşqin yaşıl sarayında bu pulları və bu ziyafəti qəbul etməklə Mədinəyə qayıtdıqdan sonra onu tə’rifləyəcək. Ancaq bu görüş nəinki onun xeyrinə səbəb olmadı, hətta tamamilə əks tə’sir bağışladı. Nümayəndə hey’ətinin hamısı Münzir ibn Zübeyr istisna olmaqla (o, Bəsrəyə getdi) Mədinəyə qayıdıb camaatın hüzurunda dedi: “Biz elə bir şəxsin yanından gəlirik ki, onun dini yoxdur, şərab içir, musiqi dinləyir, it oynadır, gözəl səsli qadınlar və xanəndələr onun hüzurunda mahnı oxuyurlar. O, bir dəstə oğru və azğın adamlarla gecələr əyləncə ilə məşğul olur. İndi biz sizi şahid tuturuq ki, biz onu xəlifəlik məqamından kənarlaşdırırıq.” Hənzələnin oğlu dedi: “Mən elə bir şəxsin yanından qayıdıram ki, əgər heç kim də mənə kömək etməsə, mən özüm bu bir neçə oğlumu götürüb onunla vuruşmağa gedəcəyəm. O, mənə hədiyyə verib mənimlə hörmətlə rəftar etdi, ancaq mən onun hədiyyəsini yalnız ondan döyüşdə istifadə etmək üçün qəbul etdim.”

Bu hadisədən sonra Mədinə camaatı Abdullah ibn Hənzələyə bey’ət edib Mədinə hakimini və eləcə də, bütün Bəni-Üməyyə tərəfdarlarını şəhərdən qovdular. Bu xəbər Yezidə çatan kimi o, Bəni-Üməyyə hökumətinin yaxınlarından biri olan Müslim ibn Üqbə adlı yaşlı bir kişini Mədinə qiyamını yatırtmaq üçün böyük bir ordu ilə Mədinəyə göndərərək ona dedi: “Onlara üç gün möhlət ver. Əgər təslim olmasalar, onlarla vuruş. Elə ki, qalib gəldin, üç gün müddətində onların nəyi varsa - mal-dövlət, heyvanat, silah, yemək-içmək - hamısını əsgərlərin ixtiyarına burax.”

Şam ordusu Mədinəyə hücum etdi. İki tərəf arasında qanlı döyüş baş verdi. Nəhayət qiyamçılar məğlub oldular və qiyama başçılıq edənlər öldürüldülər. Müslim üç gün müddətində əhalinin kütləvi soyqırımı və şəhəri qarət etmək əmrini verdi. Şam ordusu bu üç gün müddətində elə cinayətlər törətdi ki, qələm onları yazmaqdan həya edir. Müslimi törətdiyi bu cinayətlərə görə Müsrif[50] adlandırdılar.

Qırğın və qarət başa çatdıqdan sonra Müslim camaatdan Yezidin qulu kimi bey’ət aldı.[51]

 

Abdullah ibn Zübeyrin rolu


Abdullah ibn Zübeyr zahirən islahedici və mal-dövlət düşgünü idi. O, hicrətin altımışıncı ili İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəlməzdən bir az qabaq Məkkəyə gəlib orada yaşamağa başlamışdı. Ancaq İmam Hüseyn (əleyhissəlam) Məkkədə olan müddətdə o, meydandan çıxmış və camaatın nəzərindən uzaqlaşmışdı. İmam Hüseyn (əleyhissəlam) şəhid olduqdan sonra meydan onun üçün boşaldı və Yezidə qarşı müxalifətçilik edib özünü xəlifə adlandırdı.

Abdullahın Əli əleyhissəlamın ailəsi ilə arası bir o qədər də, yaxşı deyildi. Onun Cəməl döyüşünü törətməkdə böyük rolu olmuşdur. O, Məkkədə olduğu müddətdə xütbələrin əvvəlində Peyğəmbərə salam göndərməyi qadağan etmişdi. Bunun səbəbini ondan soruşduqda, belə demişdi: “Peyğəmbərin bə’zi pis qohumları var. Peyğəmbərin adı gələn kimi onlar başlarını yuxarı tuturlar (təkəbbür edirlər).”[52] Elə bu işlərinə görə də İmam Səccad (əleyhissəlam) onun fitnə-fəsadından nigarançılıq keçirirdi.[53] Bə’zi tarixçilərin yazdığına görə Mədinə camaatının qiyamında Abdullah ibn Zübeyrin böyük rolu olmuşdur. O, İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra iraqlıları danlayıb deyirdi ki, siz İmam əleyhissəlamı də’vət etdiniz, sonra isə ona kömək etmədiniz. Abdullah Yezidi də bərk pisləyir, onu şərabxor, itbaz, azğın adlandırır və camaatı onu xəlifəlikdən salmağa çağırırdı.[54] Tarixçilər həmçinin, qeyd edirlər ki, Mədinə hakimi və Bəni-Üməyyə tərəfdarlarının Mədinədən qovulması da, Abdullahın razılığı ilə olmuşdur.[55]

Nə üçün İmam Səccad (əleyhissəlam) Mədinə qiyamçıları ilə həmkarlıq etmədi?
İndi isə İmam Səccad əleyhissəlamın Mədinə qiyamçıları ilə həmkarlıq etməməsinin səbəblərini araşdıraq. İmam Səccad əleyhissəlamın qiyamçılarla həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar:

Vəziyyəti araşdırmaqla və İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla İmam Səccad (əleyhissəlam) Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki, əgər bu qiyama qoşulsa, nə təkcə qalib gəlməyəcək, hətta özü və dostları da, öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib batacaq.

Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də, onun qiyamçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki, bu hərəkat əsl şiə hərəkatı ola bilməzdi. İmam Səccad (əleyhissəlam) istəmirdi ki, hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin.

Yuxarıda qeyd etdik ki, qiyamçılar Abdullah ibn Hənzələni özlərinə rəhbər tə’yin etdilər. Bu işdə onlar İmamın rə’yini də, heç nəzərə almadılar. Düzdür, qiyamın başçıları yaxşı və pak adamlar idilər və onların Yezidin hakimiyyətinə qarşı çıxışları tamamilə düzgün idi, ancaq mə’lum olur ki, bu qiyam təmiz şiə hərəkatı olmamış və qələbə çaldığı təqdirdə şiələrin xeyrinə nəticələnəcəyi mə’lum deyildi. Sanki bu səbəbləri nəzərə alaraq İmam Səccad (əleyhissəlam) əvvəldən qiyamçılara qoşulmadı. Bu məsələ bir tərəfdən, digər tərəfdən də, Kərbəla hadisəsinin ümumi fikirlərdəki nəticəsinin Yezidə baha başa gəldiyi üçün o (Yezid), Müslim ibn Üqbəyə tapşırdı ki, İmam Səccad (əleyhissəlam) ilə heç bir işi olmasın.

 

Pənah gətirmişlərin aman yeri


Bəni-Üməyyə və tərəfdarlarını Mədinədən qovarkən Mərvan İmam Səccad əleyhissəlamdan xahiş etdi ki, onun həyat yoldaşı və ailəsi İmamın evində qalsın. İmam Səccad (əleyhissəlam) öz mərhəməti ilə bu xahişi qəbul etdi. Buna görə də, Mədinənin üç gün qarət altında qaldığı müddətdə İmam Səccad əleyhissəlamın evi pənah gətirmişlər üçün yaxşı aman yeri olmuşdu. Dörd yüz qadın öz oğul-uşaqları ilə birlikdə İmamın evində qalmış, İmam Səccad (əleyhissəlam) da çaxnaşma qurtarana qədər onları evində saxlamışdır.

Müslim ibn Üqbə qarət başa çatdıqdan sonra İmam Səccad əleyhissəlamı yanına də’vət etdi. İmam Səccad (əleyhissəlam) onun yanına gəldikdə, Müslim onu öz yanında oturtmuş, onunla hörmətlə rəftar etmiş, sonra da evə qayıtmasına razılıq vermişdir.1

İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları
Bəli, İmam Səccad (əleyhissəlam) ikinci yolu seçməklə bir sıra təbliği, tərbiyəvi və irşadi fəaliyyətləri hökumətin heç xəbəri də olmadan həyata keçirməklə qeyri-müstəqil mübarizələrə başladı. Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:

 

1. Aşura xatirəsini əbədi saxlamaq


İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şər’iliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki, bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki, o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki, İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi tə’sir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: “Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”

Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: “Vay olsun sənə! On iki oğlundan biri itmiş Yə’qub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki, gözləri kor oldu, qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”[56]

Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: “Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: “Kefiniz necədir?” Buyurdu: “Mən bilməzdim ki, Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən, sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fir’onların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki, camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.”[57]

 

2. Ümmətə nəsihət


İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir, zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş, yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam tə’limləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki, İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda “İmamət” məsələsinin həqiqətini, yə’ni, İslam hökumətinin mə’sum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən, münafiq, fasiq, zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi. Camaata başa salırdı ki, Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki, nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.

Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki, İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bə’zi hissələrini oxucuların nəzərinə çatdırırıq:

“Camaat, təqvalı olun və bilin ki, Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin, istər yaxşı, istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah, sənin üçün göndərilmiş Peyğəmbər, itaət etdiyin din, qəbul etdiyin İmam olacaqdır.”[58]

Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:

Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.

İmamın öz sözünə “camaat” ifadəsi ilə başlamasından mə’lum olur ki, bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil, bütün insanlara xitab edir.

İmam söhbəti əsnasında istər aşkara, istərsə də işarə ilə Qur’anın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki, burada İmamın tərəf müqabili ümumi camaat olmuş, ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır. Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Qur’an ayələrindən istifadə etmişdir. Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Qur’an ayələrinə istinad etməyə ehtiyac duymurdu.[59]

 

Tələbələr yetişdirmək


İmam Səccad əleyhissəlamın bəyanatlarından başqa bir nümunəsi, o Həzrətin ən yaxşı və ən yaxın dostlarından olan Əbu Həmzə Sumalinin rəvayət etdiyi moizədir. Bu moizə nisbətən genişdir. Onun mətnindən mə’lum olur ki, İmam (əleyhissəlam) onu şiələrin və xüsusi dostlarının yanında söyləmişdir. İmam moizdə buyurur: “Allah biz və sizi zalımların hiyləsindən, paxılların zülmündən və yağıların zorakılığındın qorusun! Ey mö’minlər! Dünya dalınca olan, ürəklərini dünyaya bağlayan, dünyaya qəlbən bağlanan, onun dəyərsiz və gəlib-gedər ne’mətlərinə aldanan şeytanlar sizi aldatmasın... Canıma and olsun, keçmiş günlərdə bir sıra hadisələri arxada qoydunuz və fitnə-fəsaddan uzaq oldunuz. Daima azğın və bid’ətçilərdən uzaqlaşırdınız. İndi də, Allahdan kömək istəyin və Allaha, indiki hakimlərdən ləyaqətli olan Allah hüccətinə tərəf qayıdın.

...Allahın qanununu, Allah itaətlərini vacib edən şəxslərə (İmamlardan) itaət etməyi hər şeydən üstün tutun. Dünyaya aldanıb ona aşiq olan şeytanların itaətini heç vaxt Allah və İlahi hüccətlərin itaətindən üstün tutmayın... Günahkar və azğın adamlarla oturub-durmayın, zalımlarla həmkarlıq etməyin, fasiqlərlə əlaqədə olmayın və onların fitnə-fəsadından uzaq olun. Onlardan uzaqlaşın və bilin ki, Allah övliyaları ilə müxalifətçilik edən, Allahın dinindən başqa dinə itaət edən və İlahi hüccətlərə qarşı özbaşınalıq edən şəxs Cəhənnəmdə şö’lələnmiş alovla üzləşməli olacaq...”[60]

 

Ardı burada

 

İstinadlar

 

[1] Üsuli-kafi, c.1, səh.467; Əl-İrşad, səh.253.

[2] Əl-İrşad, səh.253; Dəlailül-imamət, səh.80.

[3] Mö’tərizənin içərisində olan rəqəmlər xəlifələrin hakimiyyətdə olduğu illəri göstərir.

[4] Abdullah ibn Zübeyr Yezidə bey’ət etməyən şəxslərdən idi. Buna görə də, Müaviyənin ölümündən sonra imam Hüseyn əleyhissəlamın Məkkəyə hərəkətindən bir az qabaq bu şəhərə qaçıb öz siyasi fəaliyyətləri ilə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra Hicazda özünə rəqib görməyib özünü xəlifə e’lan etdi. Yezid ömrünün axırına qədər onu məğlub edə bilmədi. O, 73-cü ilə qədər Məkkədə hökumət bayrağını əlində saxladı. Nəhayət, Əbdülməlikin qüvvələri tərəfindən (73-cü hicri ilində) qətlə yetirildi. Bundan sonra hakimiyyət Mərvanlıların əlinə düşdü, Şam şəhəri yenidən mərkəz oldu.

[5] Təzkirətül-xəvvas, səh.324.

[6] Təzkirətül-xəvvas, səh.324.

[7] Ət-Təbəqatül-kubra, c.5, səh.221.

[8] Ət-Təbəqatül-kubra, c.5, səh.212.

[9] Əl-İrşad, səh.242.

[10] Əl-İrşad, səh.242.

[11] Biharül-ənvar, c.46, səh.143.

[12] İsbatül-vəsiyyə, səh.167.

[13] Qamusür-rical, c.9, səh.399.

[14] Əl-İxtisas, səh.64.

[15] İxtiyaru mə’rifətir-rical, səh.123.

[16] İxtiyaru mə’rifətir-rical, səh.115.

[17] Əl-Kamilu fit-tarix, c.4, səh.520.

[18] İbn Təqtəqa, “Əl-Fəxri”, səh.122-124.

[19] Təcaribüs-sələf, səh.75.

[20] İbn Təqtəqa, “Əl-Fəxri”, səh.122.

[21] Təcaribüs-sələf, səh.76.

[22] Tarixül-xüləfa, c.4, səh.100.

[23] Tarixül xüləfa, səh.218, Əl-Kamilu fit-tarix, c.4, səh252.

[24] Tarixül-xüləfa, səh.218.

[25] İmam Səccad əleyhissəlamın həyatı, səh.98.

[26] Əl-Fəxri, səh.122; İbn Əsir, Əl-Kamilu fit-tarix, c.4, səh521.

[27] Tarixül-xüləfa, səh.216.

[28] Tarixül-xüləfa, səh.216.

[29] Mürucuz-zəhəb, c.3, səh.91.

[30] Tarixi-Yə’qubi, c.3, səh.27-29.

[31] Əl-İmamətu vəs-siyasət, c.2, səh.31.

[32] Tarixi-Yə’qubi, c.3,səh.18.

[33] Əl-Kamilu fit-tarix, c.4, səh.359.

[34] Şərhi Nəhcül Bəlağə, c. 15, səh. 242.

[35] Əl-Kamilu fil-lüğəti vəl-ədəb, c.1, səh.311; Əl-əxbarül-müvəffəqiyyat, səh. 93-97; İsbatül-vəsiyyə, c. 3, səh. 127.

[36] Əl-İmamətu vəs-siyasət, c.2, səh.32.

[37] İranın Cənub hissəsi.

[38] Mürucuz-zəhəb, c.3, səh.166-167.

[39] Muxtəsəru tarixil-ərəb, səh.123.

[40] Tarixül-xüləfa, səh.223.

[41] Əl-Kamilu fit-tarix, c.5, səh.11.

[42] Əl-Kamilu fit-tarix, c.5, səh.11.

[43] Əl-Xisal, səh.339.

[44] Fürui-kafi, c.5, səh.344.

[45] Səhifeyi-Səccadiyyə, 49-cu dua, səh.610.

[46] Doğru rəhbər, səh.24.

[47] Hirrə - səthi vulkan daşları ilə örtülmüş yerə deyilir. Mədinə şəhərinin ətrafı belə xüsusiyyətə malik olduğuna və Şam qoşunu Mədinəyə bu yol ilə nüfuz etdiyinə görə bu döyüş “Hirrə” döyüşü adı ilə tanınmışdır.

[48] Tabein Peyğəmbəri görməyib, lakin Peyğəmbəri görən səhabələri görmüş şəxsə deyilir.

[49] Ənsabül-əşraf, c.4, səh.31.

[50] İsrafkar, çox israf edən. Ənsabül-əşraf, səh.30-46.

[51] Əl-Kamilu fit-tarix, c.4, səh.102-103.

[52] Tarixi-Yə’qubi, c.3, səh.8.

[53] Kəşfül-qəmmə fi mə’rifətil-əimmə, c.2, səh.299.

[54] Kəşfül-qəmmə fi mə’rifətil-əimmə, c.2, səh.299.

[55] Mürucuz-zəhəb, səh.69.

1 Kəşfül-ğümməti fi mə’rifətil əimmə, səh.319.

[56] Biharül-ənvar, c.46, səh.108. Əl-bidayətu vən-nihayə, c.9, səh107.

[57] Ət-Təbəqatül-kübra, c.5, səh.220.

[58] Tühəfül-üqul, səh.249.

[59] İmam Səccad əleyhissəlamın həyatı barədə araşdırma, səh.36-38.

[60] Tühəfül-üqul, səh.252.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Zeynül-Abidin əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ