İmam Hüseyn (ə) kimdir? (II hissə)

İmam Hüseyn (ə) kimdir?

* Müaviyənin dövründə qiyamın maneələri

* İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə mübarizələri

* Aşura inqilabının səbəbləri və mahiyyəti

* Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında

* İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu xütbə

* Aşura inqilabının nəticə və sonucları

 

Əvvəli burada

 

Müaviyənin İslama zidd olan hərəkətləri

 

Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən biri olan) Müğeyrə ibn Şü’bə ilə oturub söhbət edərkən özünün İslamı aradan aparmaq arzusunu açıqlamışdır. Bu xəbər Müğeyrənin oğlu Mütərrif tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla söhbət edərdi. Qaldığımız yerə qayıtdıqda, onun ağıl-kamalından danışar, onu tə’rifləyərdi. Ancaq bir gecə Müaviyənin sarayından qayıdanda gördüm ki, atam bərk narahatdır. Başa düşdüm ki, onun narahatlığına səbəb olan bir hadisə baş vermişdir. Narahatlığının səbəbini soruşduqda, mənə dedi: «Oğlum, mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: «Məgər nə olub?» Cavab verdi: «Müaviyə ilə tək oturmuşduq, ona dedim: “İndi ki öz arzuna çatıb hökuməti ələ keçirmisən, heç olmasa ömrünün axırlarında camaatla ədalət və yaxşılıqla davran, Bəni-Haşimlə bu qədər bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar, bundan da əlavə, onlar indi elə bir vəziyyətdədirlər ki, daha onlardan sənə bir xətər yetişməz.» Müaviyə cavab verdi: «Əsla, əsla! Əbu Bəkr xəlifə oldu, ədalətlə davrandı, ölümündən sonra təkcə adı qaldı. Ömər də on il xəlifə oldu, zəhmətlər çəkdi, ancaq ölümündən sonra təkcə qalan adı oldu. Sonra şərafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O ölən kimi adı da özü ilə dəfn olundu. Ancaq İslam aləmində hər gün bu Haşimi kişinin (peyğəmbərin) adını beş dəfə çəkərək «əşhədu ənnə Muhəmmədən rəsulullah» deyirlər. İndi (o üç nəfərin adının itib batdığı, lakin Məhəmmədin (səlləllahu əleyhi və alih) adının yaşadığı) bu vəziyyətdə onun adını itirib batırmaqdan başqa hansı yol var?»

Müaviyənin küfr simasının üzərindən pərdə götürən bu söz rəvayətçilər tərəfindən (Abbasi xəlifəsi) Mə’munun qulağına çatdıqda, o, İslam ölkəsinin hər tərəfinə əmr verir ki, camaat Müaviyəni lə’nətləsin.[25]

Cahiz “Süfyaniyyə” kitabında yazır: “Əbuzər Şama sürgün olunduğu vaxt Müaviyə ilə danışıqlarının birində şiddətlə ona e`tirazını bildirərək demişdi: Səninlə atan Allah və Peyğəmbərin düşmənisiniz. Zahirdə özünüzü müsəlman kimi göstərib kafir olduğunuzu gizlədirsiniz və Peyğəmbər dəfələrlə səni lə`nətləmişdir.”[26]

Həmçinin İbn Əbil Hədid Mö`təzili yazır: “Bizim şeyxlərimizin - Allah onlara rəhmət eləsin - (alim və bilicilərimiz) nəzərinə görə Müaviyənin müsəlman olmağı şübhəlidir və onun kafir olduğu ehtimalı vardır. Bu barədə mən “Nəqdis Süfyaniyyə” kitabında şeyximiz Əbu Osman əl-Cahizlə əshabımızın “kəlam” kitablarında nəql etdiyi Müaviyənin Peyğəmbər (s)-ə qarşı mülhid və müxalif fikirdə olduğunu, həmçinin ondan “cəbr” və digər küfr doğuran ideyaları təzahür etdiyini göstərən materialların ətrafında söhbətimizi qeyd etmişəm.”[27]

Bunlar Əməvilərin İslamı dağıtmaq fikrini və onların mürtəce bir hərəkətə başçılıq etdiyini göstərir.

 

Yezidin fəsadları

 

Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun e’tiqadı yox idi.

Yezid təcrübəsiz, şəhvətpərəst, özbaşına, ehtiyat və uzaqgörənliyi olmayan bir gənc idi. O, ağılsız, qorxu bilməyən, kefcil, əyyaş və düşüncəsi az olan bir insan idi. Hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs, nəfsani meyllər əlində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi. O, ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Yezid açıq-aşkar şərab içir və günah edirdi. O, gecə məclislərində ə’yan-əşrafla oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şe’rlər deyərdi: «Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və «Allahu əkbər» səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəqd olan) şərabla dəyişməyə hazıram. Nəqd mal bizim, nisyə isə Qiyamətə əqidəsi olanların olsun!»[28] Yezid bu cür həyasızlığı ilə İslamın müqəddəs e’tiqadını ələ salırdı. O, peyğəmbərlik və Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alih) vəhy nazil olmasını açıq-aşkar inkar edir, bunların hamısını cəddi Əbu Süfyan kimi xam xəyal hesab edirdi. İmam Hüseyn əleyhissəlama zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şe’r deyir: «Haşim hökumət və mülklə oyun oynamışdır. Nə qeybdən bir xəbər gəlib, nə də vəhy nazil olmuşdur.» Sonra İslam bayrağı altında Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyn əleyhissəlamı öldürməyi bunlara əvəz kimi hesab edib deyir: «Kaş Bədr döyüşündə ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin, Yezid![29]»

Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla bildirmək istəyirdi ki, Yezid təkcə kef adamı deyil, həm də mübarizə və döyüş adamıdır.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ummu Külsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə[30] adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir:

«Dəyri-Murran adlı bir yerdə Ummu Külsüm də yanımdadır, daha nəyimə lazımdır ki, İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür.»[31]

Mə’lumdur ki, ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər?

Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki, onun qısa müddətli hakimiyyəti dövründə hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu.[32]

Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.[33]

İslam aləminin görkəmli tarixçilərindən olan Məs’udi deyir: «Yezid camaatla Fir’on kimi davranırdı, bəlkə də Fir’onun rəftarı ondan yaxşı idi.»[34]

Yezidin fəsad və pozğunluğuna, alçaq həyat sürməsinə və zalım hökumətinə dair şahid və faktlar o qədərdir ki, onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil. Güman edirik ki, bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət edər.

 

Yezidin təhrif olunmuş məsihiyyətə meyli

 

Bu deyilənlərdən əlavə, Yezid əsasən, məsihi tə’lim-tərbiyəsi ilə böyümüş, ya da ən azı məsihiyyətə meylli olmuşdur. Ustad Abdullah Əlaili buna işarə edərək yazır:

«Yezidin məsihi tə’lim-tərbiyəsi altında böyüməsi haqda az da olsa, xəbərimiz yoxdur. Bəlkə də əziz oxucu bu məsələni ilk baxışda inkar edər. Ancaq Yezidin ana tərəfdən İslamdan qabaq məsihi olmuş Bəni-Kəlb qəbiləsindən olduğunu nəzər alsaq, daha buna təəccüb yeri qalmaz. Çünki bütün camaat bilir ki, bir millətin əsas adət-ən’ənələri, ictimai dəyərləri və mədəniyyətinin mənbəyi olan əqidəni tamamilə aradan aparmaq üçün uzun müddət vaxt lazımdır. Tarix bizə deyir ki, Yezid gənclik dövrünə qədər bu qəbilədə böyümüşdü. Bunun mə’nası isə o deməkdir ki, o, tərbiyəçilərin diqqətini cəlb edən tərbiyə dövrünü belə bir mühitdə keçirmişdir. Beləliklə də, məsihiyyətdən tə’sir görməyindən əlavə, kəndin və səhranın təbiətinin çətinlikləri də onun ruhiyyəsinə qarışmışdı.

Bunlardan əlavə, bə’zi tarixçilərin o cümlədən məsihi alimi Lamensin «Müaviyə» və «Yezid» adlı kitablarında dediyinə görə Yezidin bə’zi ustadları Şam şəhərinin xristianlarından olmuşdur. Müsəlmanlara rəhbərlik etmək istəyən bir şəxsdə bu tərbiyənin mənfi tə’sirləri heç kimə na’məlum qalmayıb.»

Əlaili əlavə edərək deyir: «Yezidin məsihi şairi Əxtəli Ənsarı tə’nə edib danlamağa məcbur etməsinin, eləcə də bütün tarixçilərin dediyinə görə oğlunu tərbiyələndirmək üçün bir nəfər məsihiyə tapşırmasının da səbəbi onun özünün məsihi tərbiyəsi görməsi nəticəsindədir.»[35] Tarix şahiddir ki, Yezidin özü məsihiyyətə olan meylini gizlətmir, əksinə, açıq-aşkar deyirdi: «Əgər şərab Əhmədin (İslam peyğəmbərinin) dinində haramdırsa, onda onu Məsihin dininə əsasən iç.»[36] (Əlbəttə, qeyd etmək lazımdır ki, həqiqi xristian dinində də şərab içmək haram sayılır.)

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Roma imperiyası Bəni-Üməyyənin sarayında böyük nüfuz tapmışdı. Bə’zi Roma məsihiləri Şam sarayında məsləhətçi idilər. Tarixçilərin hamısı bir nəfər kimi deyir ki, İmam Hüseyn (əleyhissəlam) Kufəyə tərəf hərəkət etdikdə Yezid romalı Sərcunun məsləhəti ilə o vaxtadək Bəsrənin valisi olan Übeydullah ibn Ziyadı (Bəsrəni də onun ixtiyarında saxlamaqla) Kufənin valisi tə’yin edir. O vaxta qədər Kufəyə No’man ibn Büşeyr başçılıq edirdi.[37]

İndi ki, Yezidin alçaq siması və onun İslama qarşı olan düşmənçiliyi mə’lum oldu, onda İmam Hüseyn əleyhissəlamın onun qanunsuz hökumətinə qarşı qaldırdığı inqilabın səbəbi yaxşı aydın olur. Başa düşürük ki, Yezidin hökuməti təkcə irsi səltənət rejiminin bid’ətçisi baxımından deyil, həm də Yezidin səlahiyyətsiz olduğu cəhətdən onun hökuməti İmam Hüseyn əleyhissəlamın yanında qeyri-qanuni hökumət sayılırdı. Buna əsasən, Müaviyənin ölümü ilə onun dövründəki maneələrin çəkildiyi bir vaxtda növbə İmam Hüseyn əleyhissəlamın müxalifətinə yetişmişdi. Əgər İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etsəydi, bu bey’ət Yezidin hökumətinə haqq qazandıran və onu şər’i sayan ən böyük sübut olardı.

İmam Hüseyn əleyhissəlamın müxalifətçiliyinin səbəbi o Həzrətin məktub və çıxışlarında açıq-aşkar görünür. İmam Hüseyn (əleyhissəlam) elə Mədinədəki ilk günlərdə ondan bey’ət almaq üçün çətinliklərlə üzləşdiyi zaman Yezidə bey’ət etmək məsələsini irəli sürən (Mədinə valisi) Vəlidin cavabında buyurdu: “İndi ki, müsəlmanlara Yezid kimi bir şəxsiyyət başçılıq edir, onda İslamın fatihəsi oxunmalıdır.”[38] Həmçinin, kufəlilərin məktublarına yazdığı cavabda müsəlmanların başçısının hansı xüsusiyyətlərə malik olmasını belə açıqladı: «...Müsəlmanların rəhbəri elə bir adam olmalıdır ki, Allahın kitabına (Qur’ana) əməl etsin, ədalətlə rəftar etsin, haqqı müdafiə edərək bütün qüvvəsi ilə Allahın qayda-qanununa tabe olsun.»[39]

 

Kərbəla qiyamının mübəlliğləri

 

Hər bir inqilab əsasən iki hissədən - qan və xəbərdən (müraciətdən) ibarət olur. Qandan məqsəd qanlı və silahlı mübarizədir. Təbii ki, bu da müqəddəs məqsədlər uğrunda ölmək, öldürmək və candan keçməyi tələb edir. Xəbərdən məqsəd isə qiyamın xəbərini yaymaq və onun müqəddəs məqsədlərini açıb bəyan etməkdir.

Bir inqilabın qələbə çalmasında ikinci hissənin əhəmiyyəti birinci hissənin əhəmiyyətindən heç də az deyil. Çünki inqilabın məqsədləri camaat arasında bəyan olunmasa, onda camaat inqilabı himayə etməyəcək, bunun nəticəsində də inqilab tamamilə unudulacaq, bəlkə düşmənlər tərəfindən inqilabda bə’zi təhrif və dəyişikliklər də baş verəcək. İmam Hüseyn əleyhissəlamın inqilabını araşdırdıqda, bu iki hissə tam şəkildə nəzərə çarpır. Çünki İmam Hüseyn əleyhissəlamın inqilabında Aşura gününün günortasına qədər birinci hissə, yə’ni qan və şəhadət hissəsi cilvələnirdi. Bunun başında da, İmam Hüseyn əleyhissəlamın özü dururdu. Aşura gününün günortasından sonra isə inqilabın ikinci hissəsi başladı. Buna isə İmam Səccad əleyhissəlamla xanım Zeynəb (səlumullahi əleyha) başçılıq edirdilər. Onlar İmam Hüseyn əleyhissəlamın və səhabələrinin qanlı şəhadətini öz kəskin söz və çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər.

Əməvi hökumətinin Müaviyənin dövründən başlayaraq Əhli-beytə qarşı zidd təbliğat yaymasını (xüsusilə də Şamda) nəzərə aldıqda, aydın olur ki, əgər İmam Hüseyn əleyhissəlamın inqilabından sonra İmam Səccad (əleyhissəlam) və Həzrət Zeynəb (səlamullahi əleyha) Əməvi hökumətini rüsvay etməyə və camaatı oyatmağa məşğul olmasaydılar, İslam düşmənləri və iqtidarın yaltaq qulluqçuları İmam Hüseyn əleyhissəlamın əbədi və böyük inqilabını tarix səhifəsində çirkin bir qiyam kimi qələmə verər və onu olduğunun əksinə qiymətləndirərdilər. Necə ki, onlardan bə’ziləri İmam Həsən əleyhissəlamın ölümünü o Həzrətin ciyərinin şişməsi ilə əlaqələndirmişlər. Bir dəstə belə iddia edirdi ki, İmam Hüseyn (əleyhissəlam) xərçəng xəstəliyindən dünyadan getmişdir. Ancaq Aşura inqilabının təbliğçiləri əsirlikdə olarkən Yezidin ağılsız düşmənçiliyi onlara bu fürsəti verdi ki, onlar geniş təbliğat nəticəsində İmam Hüseyn əleyhissəlamın düşmənlərinə onun inqilabını təhrif etmək və dəyişdirmək icazəsi verməsinlər.

İndi Kərbəlanın azadlıq bəxş edən əsirlərinin camaatın fikrini oyatmaqda və İmam Hüseyn əleyhissəlamın inqilabını camaata çatdırmaqda göstərdikləri fəaliyyətin yaxşı aydın olması üçün bir az geri qayıtmalı və Müaviyənin Şamdakı hakimiyyətinə nəzər salmalıyıq.

 

Müaviyənin Şamdakı hakimiyyət dövrü

 

Qeyd etməliyik ki, Şam şəhəri müsəlmanların əlinə keçən gündən Vəlidin oğlu Xalid və Əbu Süfyanın oğlu Müaviyə kimi şəxslər tərəfindən idarə olunmuşdu. Buranın əhalisi nə Peyğəmbər moizələri (söhbətləri) eşitmiş, nə onun səhabələrini görmüş, nə də İslamı heç olmasa Mədinədə yayıldığı kimi tanımışdılar. Düzdür, bu şəhər alınarkən peyğəmbərin yüz on üç səhabəsi burada olmuş və ya sonradan yaşamaq üçün bura köçmüşlər, ancaq onların tərcümeyi-hallarına nəzər yetirdikdə, mə’lum olur ki, onların bir neçəsindən başqa qalanları peyğəmbəri çox az görmüş, və o Həzrətdən bir, ya da bir neçə hədisdən artıq hədis eşitməmişdilər. Bundan da əlavə, onların əksəriyyəti Müaviyənin hakimiyyətindən qabaq Ömər və Osmanın hakimiyyəti dövründə dünyadan getmişdilər. İmam Hüseyn əleyhissəlamın inqilabı baş verən zaman onlardan yalnız on bir nəfəri sağ qalıb Şamda yaşayırdı. Onlar da artıq yetmiş-səksən yaşlarına çatmış və künc-bucaqda qalmağı cəmiyyətə qoşulmaqdan üstün tutmuşdular. Onların cəmiyyət arasında heç bir nüfuzu yox idi. Bunun nəticəsində də onların (Yezid yaşda olan) gənc nəsli həqiqi İslamdan xəbərsiz idi. Bəlkə də onlar elə bilirdilər ki, İslam bu vaxtadək onlara rəhbərlik etmiş xəlifələrin hökuməti kimi bir hökumətdir. Müaviyənin sarayının gözəl görünüşlü olması, iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi, keşikçilər təşkil etmək, ə’yan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək, sürgünə göndərmək və ya öldürmək onlara təbii məsələ kimi gəlirdi. Çünki təxminən yarım əsr qabaq hökumətdə olmuş xəlifələr də bu işləri görürdülər. Orada olanlar da belə fikirləşirdilər ki, Peyğəmbər dövründəki Mədinə şəhəri də bu cür olmuşdur.[40] Bunun nəticəsində də Şam əhalisi Əbu Süfyanın oğlu Müaviyənin rəftarını tam İslam rəftarı kimi qəbul edirdi.

Müaviyə təxminən qırx iki il Dəməşqdə hakimiyyətdə olub. Beş il ikinci xəlifə tərəfindən, on iki il isə üçüncü xəlifə tərəfindən Şamın valisi olmuşdur. Beş ildən az Həzrət Əli əleyhissəlamın dövründə və təxminən altı ay da İmam Həsən əleyhissəlamın zahiri hakimiyyəti dövründə Şamın valisi olub. İyirmi ildən az da İslam hökumətinin xəlifəsi olmuşdur.[41]

 

Çirkin təbliğlər

 

Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə “tərbiyələndirmişdi” ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış, üstəlik öz dediklərini onlara İslam tə’lim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O, özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (əleyhissəlam) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bid’ət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (səlləllahu əleyhi və alih) (İslamın qocaman, pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əli əleyhissəlamın ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (əleyhissəlam) göndərmişdir.[42]

Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri, Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mə’nanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki, daha əlavə izahata heç ehtiyac da yoxdur.[43]

Bəni-Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun, bunun müqabilində isə Bəni-Üməyyəni Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsi kimi qələmə verirdi. Belə ki, tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki, biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni-Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»[44]

Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:

«Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidin əleyhissəlamın qarşısında durub dedi: «Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-mö’minini (Yezidi) sizin üzərinizdə qalib etdi.»

İmam Səccad (əleyhissəlam) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (əleyhissəlam) ondan soruşdu:

- Qur’an oxumusan?

- Bəli!

- Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»[45]

- Bəli!

- Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»

- Bəli!

- Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz [pak] etmək istəyir.»[46]

- Bəli!

- Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik.

Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədin (səlləllahu əleyhi və alih) düşmənlərinə nifrət edirəm!»

 

Əsirlərin səfər sovqatı

 

Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.

İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.

1. İmamət ailəsinin «Hirrə» faciəsində qorunması

Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni-Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:

Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»[48]

Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına də’vət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-mö’minin (Yezid) mənə tapşırıb ki, sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»[49]

Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki, Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki, İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da mə’lumdur ki, İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o, törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə mə’ruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.

 

2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri

 

Yə’qubi yazır:

«Əbdülməlik ibn Mərvan Hicaza vali tə’yin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki, Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı, axırda özləri məhv oldu.»[50]

Əbdülməlik ibn Mərvanın Bəni-Üməyyənin siyasətçi və fərasətli[51] bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu e’tirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki, Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lə’nət oldu.

 

Əməvilərin ideoloji təbliğatı

 

Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Yə’ni, onların yaratdıqları ideologiya iqtisadi-siyasi durumlarına arxa olur. Başqa sözlə desək, zalım hökumətlər nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır. Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni-Üməyyə hökumətinin də təbii ki, belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şər’i bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki, Bəni-Üməyyə xalqın hökm və rə’yinə qarşı e’tinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr, onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.

 

Cəbriyyə məzhəbinə meyl

 

İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yə’ni, hər şeyi Allahın adına yozaraq, “bu Allahın işidir” -deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar “Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki, nə ki var, elə o da olmalıdır və nə də ki, yoxdur, o da olmamalıdır.[52]

Bəni-Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir e’tirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki, insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür.[53] Əməllərində azad olduğu üçün də məs’uliyyət daşıyır. Çünki hər bir azadlıq məs’uliyyət tələb edir.

Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə mə’ruz qoyur, bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki, Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: «Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur.» Müaviyə öz çirkin əməllərini Allahın təqdiri, qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi.

Aydındır ki, Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva edən Cəbriyyə məzhəbindən qəflətdə qala bilməzdi. Müaviyə və Əməvilərin digər nümayəndələri yaxşı bilirdilər ki, onların hökuməti müsəlmanlar üçün dözülməzdir. Onlar yaxşı bilirdilər ki, bir sıra müsəlmanların gözündə onlar hiyləgər, yalançı, Peyğəmbər ailəsinin düşməni, günahsız və təqvalı insanların qatili kimi tanınmışlar. Bunu da yaxşı bilirdilər ki, camaatı onların əleyhinə qiyamdan saxlaya bilən yeganə məzhəb varsa, o da Cəbriyyə məzhəbidir. Bu elə bir məzhəbdir ki, camaata deyir: «Allah ilk gündən yazıb ki, bu sülalə hakimiyyətə gəlsin. Buna görə də, onların bütün əməlləri Allahın qəza-qədəridir.» Bu baxımdan bu cür fikirləri müsəlmanların zehnində yaymaq tamamilə Əməvilərin xeyrinə idi.[54]

 

Məstedici ədəbiyyat

 

Bu fikirləri təsdiq etməkdən ötəri yuxarıda dediyimiz dini bəhanələrdən əlavə, şe’r variantından da istifadə olunurdu. Müaviyə müasirləri olan şairlərin fövqəl’adə nüfuzundan camaatın ümumi fikrində öz məqsədlərini həyata keçirmək üçün istifadə edirdi. Müaviyə və eləcə də ondan sonrakı digər Əməvi xəlifələri onların hökumətini tə’rifləyib Allahın istədiyi hökumət olduğunu bildirən şairlərin şe’rlərini şən əhval-ruhiyyə və son dərəcə Rizayətlə dinləyir və hətta onları heç bir imanlı şəxsin qiyam etmək fikrinə düşməməsi üçün şe’r deməyə məcbur edirdilər. Müaviyənin adamları belə göstəriş almışdılar ki, Müaviyənin xüsusi fikirlərini qəliblərə salıb avam camaatın arasında asanlıqla yaysınlar. İstər peyğəmbərin dilindən rəvayətlər söyləməklə, istərsə də şe’r deməklə.

 

Xanım Zeynəb İbn Ziyadın sarayında

 

Aşura hadisəsindən sonra Yezidin adamları yuxarıda dediyimiz variantdan istifadə edərək təbliğə başlayıb Yezidin qələbəsini Allahın istəyi kimi qələmə verirdilər.

Übeydullah ibn Ziyad İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra camaatı Kufənin Cami məscidinə yığıb öz işlərinə məzhəbi don geydirdirərək dedi: «Həmd olsun o Allaha ki, haqqa qələbə qazandırdı, Əmirəl-mö’mininə (Yezidə) və onun tərəfdarlarına kömək etdi və yalançı oğlu yalançını (İmam Hüseyn əleyhissəlamı) öldürdü.»[55] Buna cavab olaraq düşmənin təbliğ vasitəsindən xəbərdar olan İmam Zeynül-abidin (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) Bəni-Üməyyənin bu fikir dayağını hədəfə olaraq öz əsaslı və mətanətli sözləri ilə ona cavab verərək Yezid və onun davamçılarının öz əməlləri qarşısında məs’uliyyət daşımalarını bildirdilər. Bir-birinin ziddinə olan iki təfəkkür tərzinin toqquşmasının nümunələrindən biri Əhli-beyt qadın və uşaqlarının Übeydullah ibn Ziyadın sarayına daxil olduğu zaman olmuşdur.

Həmən gün ibn Ziyad sarayda ümumi görüş e’lan etmiş və əmr etmişdi ki, İmam Hüseyn əleyhissəlamın kəsilmiş başını onun qarşısında qoysunlar. Sonra əsirləri saraya daxil etdilər. Xanım Zeynəb (səlamullahi əleyha) ən dəyərsiz paltarlarını geymiş və onun dövrəsini əhatə etmiş qadınlar və kənizlər arasında namə’lum şəkildə içəriyə daxil oldu və heç kəsə e’tina etmədən bir güncdə əyləşdi. Übeydullahın gözü ona sataşdıqda, soruşdu: «Özünü kənara çəkmiş və digər qadınlar onun dövrəsinə toplaşmış bu qadın kimdir?» Xanım Zeynəb (səlamullahi əleyha) cavab vermədi. Übeydullah sualını bir daha təkrar etdi. Kənizlərdən biri dedi: «O, Peyğəmbər qızı Fatimənin (səlamullahi əleyha) qızı Zeynəbdir.» Übeydullah üzünü Zeynəbə (səlamullahi əleyha) tutub dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib qırdı və göstərdi ki, sizin dediyiniz, yalandan başqa bir şey deyil.»

Xanım Zeynəb (səlamullahi əleyha) cavab verdi: «Həmd olsun o Allaha ki, bizi (bizim ailədən çıxmış) Peyğəmbərin vasitəsilə əzizlədi və çirkinliklərdən uzaq etdi. Fasiqdən başqa heç kəs rüsvay olmaz, pis adamdan başqa heç kəs yalan deməz. Şükürlər olsun ki, pis adam biz deyilik, başqalarıdır. (Yə’ni, siz və dəstənizdir.)»[56]

İbn Ziyad: “Gördün, Allah ailənizin başına nə gətirdi?”

Xanım Zeynəb: “Yaxşılıqdan başqa heç bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müəyyənləşdirmişdi. Onlar da itaət edib öz Axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları (Qiyamət günü) bir-birinizlə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!”

İbn Ziyad (Xanım Zeynəbin açıq-aşkar və mətanətlə dediyi sözlərdən və onu pozğun nənəsi Mərcanənin adı ilə çağırmasından) bərk qəzəbləndi və pis qərar çıxarmaq istədi. Məclisdə olanlardan biri Əmr ibn Həris adlı bir şəxs dedi ki, ey hökmdar, bu bir qadındır və heç kim qadını sözlərinə görə cəzalandırmaz.

İbn Ziyad yenə xanım Zeynəbə (səlamullahi əleyha) üz tutaraq dedi: “Allah boyunəyməyən qardaşının və qiyamçı ailənizin öldürülməsi ilə qəlbimə şəfa verdi”.

Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Canıma and olsun, mənim (əzizimi, qardaşımı, ağamı) öldürdün, belimi qırdın və kökümü kəsdin, əgər sən bu işinlə şəfa tapırsansa, onda şəfa tapmısan.»

Xanım Zeynəbin (səlamullahi əleyha) sözlərinin gözəlliyinin tə’sirindən qəzəblənən ibn Ziyad qəzəb və rişxəndlə dedi: «Bu da atası kimi sözdüzəldəndir. Canıma and olsun, atan da şair idi və qafiyə ilə (yerli-yerində) söz deyirdi.»

Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: Qadının qafiyə ilə nə işi var? (İndi qafiyə vaxtı deyil ki?)[57]

İbn Ziyad sübut eləmək istəyirdi ki, döyüş meydanında hansı tərəf zahirdə məğlub olubsa, o da rüsvay olmuşdur. Məğlub olan tərəf haqq olsaydı, qalib gələrdi.

İbn Ziyadın haradan danışdığını çox yaxşı bilən xanım Zeynəb onun fikir dayağını söküb dağıtdı. O, bu sözləri ilə sübut etdi ki, şərəf və fəzilətin ölçüsü və əsası qüdrətdə yox, həqiqət axtarmaq və haqtələblikdədir. Xanım Zeynəb (səlamullahi əleyha) bildirdi ki, Allah yolunda şəhid olan şəxs rüsvay olmaz. Rüsvay o şəxs olar ki, zülm, haqsızlıq etsin və haqq yolundan çıxsın.

Übeydullah ibn Ziyad belə güman edirdi ki, başı müsibətlər çəkmiş, əzizini itirmiş Zeynəb (səlamullahi əleyha) kiçik bir tə’nə ilə təslim olub göz yaşı tökəcək, ağlayıb-sıtqıyacaq. Lakin şirürəkli Zeynəb (səlamullahi əleyha) onun sözlərini ağzındaca dondurub onun qürurunu sındırdı.

Doğrudan, bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki, onun yeddi (bu barədə tarixçilər müxtəlif versiyalar irəli sürmüşlər) qardaşını öldürsünlər, oğlunu şəhadətə yetirsinlər, on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər, sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar, belə bir vaxtda o, əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin? Özü də elə bir şəhərdə, elə bir binada ki, atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmən binada keçirmişdi. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nə təkcə başına gələnlərdən narazı deyil, hətta qətiyyətlə bildirir ki, biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə, elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı, onda narahat olmağa dəyərdi. (Yə’ni, biz öz istəyimizə çatmışıq.) İndi ki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib şəhadət zirvəsinə nail olublar, biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı layiqli bir iş görə bilərik?[58]

 

Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə

 

Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki, iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını, zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür ne’mətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat, mal-dövlət və vəzifə, həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa, yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə də’vət edir, digər tərəfdən də təzyiqlərə mə’ruz qaldıqları üçün nə təkcə öz və’dlərini (də’vətlərini) unudur, üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli, bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki, Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər.

Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş, onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yə’ni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı, səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi, yoxsa Əli əleyhissəlamın qızı? Bəli, danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi.

İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan, İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır:

«Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki, Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: “Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı, ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki, bütün əlindəkiləri əyirir, sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var, nə də andınızın bir e’tibarı! Sizin öyünmək, kənizlər kimi yaltaqlanmaq, boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız -Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, Allaha and olsun ki, siz ağlamağa layiqsiniz. Çox ağlayın, az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki, onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki, sizin yolunuzun çırağı, dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz, gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki, az qaldı göy yerə tökülsün, yer yarılsın və dağlar parça-parça olsun.

Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki, onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki, Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa, bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.»

Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cü’fi qəbiləsindən olan, saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şe’r dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.»[59]

 

Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında

 

Yezid əmr etdi ki, əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.

Saraydakılar xüsusi yerlərdə oturmuş, Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri, qəbilə başçıları və bə’zi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.

Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki, İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o, əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəb’əri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şe’rini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki, Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın...»[60]

 

Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı

 

Əgər məclis bununla (yuxarıda dediklərimizlə) başa çatsaydı, Yezid qalib hesab olunardı, yaxud göstərişi ilə görülən işlər bir o qədər də pis nəticələnməzdi. Ancaq xanım Zeynəb (səlamullahi əleyha) işin bu cür qurtarmasına imkan vermədi və Yezid üçün fərəh hesab olunan şadlığı onun üçün zəhərdən də acı etdi. Oradakılara göstərdi ki, onların qarşısında ayaq üstə duran adamlar o Peyğəmbərin qızlarıdır ki, indi Yezid həmən Peyğəmbərin adı ilə hökumət başına gəlmişdir. Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət, şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki, pis əməl sahiblərinin aqibəti budur ki, Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.

Yezid, belə fikirləşirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki, bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki, sənə verilən bu fürsət ondan ötrüdür ki, əsl həqiqətini, iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?

Ey azad edilmişlərin oğlu!1 Heç bu ədalətdirmi ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında otursun, ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən, onların hörmət pərdəsini parçalayasan, onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki, kimsə onlara yer verməsin, kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?

And olsun Allaha, Peyğəmbər, onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz və’dəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri [şəhid olanları] heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi [Cənnət ruzisi] yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət, Allah məhkəməsi, Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki, sizlərdən hansınız daha bədbəxtsiniz.

Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha, sən mənim gözümdə elə dəyərli deyilsən ki, mən səni danlayam, (yə’ni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim, yaş gözlərimdə həlqələnib, ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra, Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra, ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq, tə’nə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə, tezliklə başa düşəcəksən ki, qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq, ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq, onda biləcəksən ki, Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki, mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən, elə! Hər nə hiylən var, istifadə et! Hər nə düşmənçiliyin var, göstər! Allaha and olsun, sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki, Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki, onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.»1

Dağlanmış ciyərdən, təqvalı qəlbdən qüvvət alan bu çıxışın necə nəticə verməsi mə’lumdur. Ən daşürəkli insan belə iman və təqva ilə üzləşdikdə, öz zəifliyini və rəqibin güclülüyünü görür, bir neçə anlığa da olsa, bir qərar çıxarmaqdan aciz olur. Bütün saray ölüm sükutuna qərq olmuşdu. Yezid məclisdəkilərin simasında narazılıq əlaməti müşahidə edib dedi: «Allah öldürsün Mərcanənin oğlunu - (ibn Ziyadı) - mən Hüseyn əleyhissəlamın öldürülməsinə razı deyildim...»[61]

 

Dördüncü İmamın təbliği mübarizələri

 

Zillət və alçaqlıqdan qurtarmaq, izzət, şərəf və azadlıq qazanmaq, həqiqi təhriflər, zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli, camaatın məs’uliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.

Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi, yə’ni, Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq, Bəni-Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.

Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında, ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə, lakin çox şüurlu və tə’sirli çıxışları ilə davam etdi.

Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat, məni tanıyan tanıyır, tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız, mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş, nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat, siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş, nə pis düşüncə və hərəkətdir!

Əgər Allahın Peyğəmbəri sizə desə ki, siz mənim övladlarımı öldürdünüz, mənim hörmətimi qırdınız, siz mənim ümmətimdən deyilsiniz, onda nə üzlə ona baxarsınız?»

Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə tə’sir bağışladı ki, dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz, bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: “Ey Peyğəmbər balası! Biz sənə qulaq asır, sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq, kiminlə desən vuruşar, kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat, (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki, nə bizdən, nə də bizim əleyhimizə olasınız.»[62] 

 

Ardı burada

 

İstinadlar


[25] Mürucuz-zəhəb, c.3, səh.454.

[26] Əd-dərəcatür rəfiə fi təbəqatiş-şiə, səh. 243; Şərhi Nəhcül-bəlağə, c.8, səh. 257. Mə`munun xilafəti bəhslərində qeyd olunduğu kimi ona belə fərman verməyə təşviq və təbliğ edənlər də elə “mö`təzililər” olmuşdur. Çünki onlar Bəni-Üməyyə ilə müxalif idilər və onların xilafətini qanunsuz hesab edirdilər.

[27] Şərhi Nəhcül-Bəlağə, c. 1, s. 340

[28] Təzkirətül-xəvass, səh.291.

[29] Tətimmətül-müntəhəl-amal, səh.44.

[30] Qəzqəzunə - Şam və Roma sərhədləri kənarında yer adıdır. Tərtus və Museysə də orada yerləşir.

[31] Tarixi-Yə’qubi, c.2, səh160.

[32] Mürucuz-zəhəb, c.3,səh67.

[33] Mürucuz-zəhəb, c.3.səh.68.

[34] Məqtəlul-Hüseyn, c.2, səh.183.

[35] Sumuvvul-mə’na fi sumuvviz-zat, səh.58.

[36] Müntəhəl-amal, c.3, səh.43.

[37] Məqtəlül-Hüseyn, səh.2; Əl-Kamilu fit-tarix, c.4, səh 23; İrşad (Şeyx Müfid), səh.205.

[38] Əl-Lühuf, səh.11.

[39] Əl-İrşad, səh.204.

[40] İmam Hüseyn əleyhissəlamın qiyamı, səh.185.

[41] Aşura tarixinin araşdırması, səh.47.

[42] Ənsabul-əşraf, səh.317.

[43] Mürucuz-zəhəb, c.3,səh.31.

[44] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.7, səh.159.

[45] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.7, səh.159.

[46] “Əhzab” surəsi, ayə 33.

[47] İslamın Əməvilər sülaləsinin sonunadək olan dövrü əhatə edən təhlili tarixi, səh.170.

[48] Tarixül-üməmi vəl-mülük, c.7, səh.421.

[49] Əl-İrşad, səh.260.

[50] Tarixi-Yə’qubi, c.3, səh.49; Biharül-ənvar, c.46, səh.119; Əl-ixtisas (Şeyx Müfid), səh. 315.

[51] Əl-Fəxri fil-adabis-sultaniyyəti vəd-duvəlil-İslamiyyə (İbn Təqtəqi) səh.122.

[52] Həmaseyi-Hüseyni, c.1, səh.312-313.

[53] Fəcrul-İslam (Əhməd Əmin), səh.284.

[54] Hüseyn əleyhissəlamın inqilabının araşdırılması, səh.135-137.

[55] Lühuf (Seyyid ibn Tavus), səh.29.

[56] Əl-İrşad, səh.244.

[57] Lühuf, səh.68.

[58] Aşura tarixini araşdırılması, səh.203.

[59] Bəlağatun-nisa, səh.24.

[60] Bəlağatun-nisa, səh.20.

1 İslam Peyğəmbəri Məkkəni fəth etdikdən sonra Qüreyşin başçıları, onların da başında Yezidin babası Əbu Süfyan olmaqla öz keçmişlərindən peşiman olub qorxurdular ki, Peyğəmbər onları cəzalandıracaq. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onlara buyurdu: «Gedin, siz azad olmuşsunuz!» Xanım Zeynəb (səlamullahi əleyha) yuxarıdakı ifadə ilə öz babası Peyğəmbərin Yezidin babası Əbu Süfyanı əfv etməsinə işarə edir.

1 Bəlağatun-nisa, səh.12-23.

[61] İmam Hüseyn əleyhissəlamın inqilabı, səh.187-189.

[62] Lühuf, səh.66.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Hüseyn əleyhissalamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ