İmam Hüseyn (ə) kimdir? (I hissə)

İmam Hüseyn (ə) kimdir?

* Müaviyənin dövründə qiyamın maneələri

* İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə mübarizələri

* Aşura inqilabının səbəbləri və mahiyyəti

* Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında

* İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu xütbə

* Aşura inqilabının nəticə və sonucları

 

İmam Hüseyn əleyhissəlamın həyatı barədə qısa mə’lumat

 

Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şə’ban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.

Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.[1]

 

İmam Hüseyn əleyhissəlamın həyat mərhələləri



Hüseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında keçirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla çiyin-çiyinə çalışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn əleyhissəlamın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.

İmam Hüseyn əleyhissəlamın həyat mərhələlərinin sonuncusu, yə’ni, o Həzrətin İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da, əsasən, bu hissədən söhbət edəcəyik.

 

Hüseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mübarizələri



Hüsyen ibn Əli (əleyhissəlam) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (əleyhissəlam) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyn əleyhissəlamı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (əleyhissəlam): «Heç kim» - deyə cavab verdi.

 

İmam Hüseyn (əleyhissəlam) Cəməl və Siffeyn döyüşlərində



İmam Hüseyn (əleyhissəlam) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.[2]

Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi.[3] Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır.[4] Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.[5]

İmam Hüseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.[6] Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.[7]

 

İmam Hüseyn əleyhissəlamın İmaməti dövründəki siyasi-ictimai vəziyyət



Səqifədən[8] başlayaraq İslamın əsl yolundan, həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət İmam Hüseyn əleyhissəlamın dövründə artıq həddini aşıb daşmışdı.

O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də, o, İslamın qatı düşməni olan Əməvilər sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As, Səmürə ibn Cündüb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdi. Müaviyə bir tərəfdən həqiqi müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridərək, qırğın, qətl, əzab-əziyyət, onları aclıqda saxlamaqla hər hansı bir müxalifət hərəkatının qarşısını alır, digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir təhlükə yetişməsin deyə, bu yolla onların gücünü zəiflədirdi. Başqa bir tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə yalançı hədislər söyləmək, Qur’anı öz xeyrinə təfsir etməklə camaatın hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır və öz hökumətinə şər’i və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət həmçinin, Müaviyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı tə’sirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mə’nəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki, müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda, yenə də onlar qorxudan, xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Qur’an məntiqi və Peyğəmbər (səlləllahu əleyhi və alih) tə’liminin əksinə olaraq qorxaq, zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər.

Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.

Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı nəticələri açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam ölkəsinin böyük şəhərlərinə, yə’ni, Mədinə, Məkkə, Kufə, Bəsrə, Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına, qətl və hədələmələrin sayının çoxalmasına, müsəlmanların öz hüquqlarından, gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Müaviyəyə itaət edirdi. Düzdür, arabir Hicr ibn Ədiyy, Əmr ibn Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə e’tirazları olurdu. Bu da göstərir ki, camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu e’tirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. Buna görə də, bu e’tirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür, məntəqədəki hərəkatı boğur, camaat isə heç bir əks tədbir göstərə bilmirdi.

 

Müaviyə dövründə qiyamın maneələri



Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi, nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.

 

1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi



Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi, Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki, İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki, Müaviyə sağdır, onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi, Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür, İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad, könüllü və ixtiyari şəkildə deyil, məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir müqaviləyə (baxmayaraq ki, əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi, Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki, görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?

Mə’lumdur ki, İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki, İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub), indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi, Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki, o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.

 

2. Müaviyənin dini jesti



İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki, camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək, nümunə qərar verərək fədakarlıq, qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi, çox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu, hoqqabazlığı, hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür, Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş, Bəni-Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o, bunu da yaxşı bilirdi ki, camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o, həmişə çalışırdı ki, öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki, Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki, özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şü’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan, İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi, Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox, hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.

 

İmam Hüseyn əleyhissəlamın Müaviyənin hökumətinə qarşı mübarizələri



Qeyd etdiyimiz maneələrin heç biri İmam əleyhissəlamın Müaviyənin saysız-hesabsız bid’ətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu. İmam Hüseyn (əleyhissəlam) heç kəsin e’tiraz etməyə cür’əti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyənin zülmlərinə qarşı mübarizə aparırdı. İndi İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.

 

1) E’tirazlı məktublar və çıxışlar



İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə həmzaman olduğu on il İmamət dövründə onunla Müaviyə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da İmam Hüseyn əleyhissəlamın Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir. İmam (əleyhissəlam) Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır, tənqid edir və həmən işə öz e’tirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.

 

Yezidin vəliəhdliyinə qarşı mübarizə

 

Müaviyə Yezidi vəliəhd tə’yin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından, xüsusən də, başda İmam Hüseyn (əleyhissəlam) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün bey’ət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O, çalışırdı ki, onları bu işə razı salsın. İmam Hüseyn (əleyhissəlam) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:

«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»[9]

 

Müaviyənin İmam Hüseyn əleyhissəlamın qiyamından nigarançılığı

 

Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki, İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına get-gəl edirlər.» Daha sonra bildirmişdi: «Mən inanmıram ki, o, qiyam etməsin.» Mərvan məktubda əlavə edib demişdi: «Bu haqda axtarış aparmışam. Əldə olan mə’lumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki, gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»

Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əli əleyhissəlama da bir məktub yazdı:

«Sənin gördüyün bə’zi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa, mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha, kim bir nəfərlə əhd bağlasa, gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa, sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən, müxalifətçiliklə, əgər pislik etsən, pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»[10]

 

İmam Hüseyn əleyhissəlamın Müaviyəyə yazdığı tarixi cavab

 

İmam Hüseyn (əleyhissəlam) Müaviyənin məktubunun cavabında belə yazdı:

«Sənin məktubunu aldım. Yazmısan ki, mənim barəmdə sənə bə’zi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki, insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.

Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bid’ətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-mə’ruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.

Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.

(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Uşaq ataya bağlıdır, zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş e’lan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi, onları xurma ağaclarından asdı.

Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.

Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki, Ziyad sənə xəbər vermişdi ki, o, Əli əleyhissəlamın şiələrindəndir. Əli əleyhissəlamın dini elə əmisi oğlu Məhəmmədin (səlləllahu əleyhi və alih) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı, sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.

Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bə’zi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə, bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki, məni Özü razı olan işə yönəltsin.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, əgər sənə pislik etsəm, sən də mənə pislik edəcəksən, səninlə düşmənçilik etsəm, sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki, bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki, sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq, pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa, düşmənçilik et.

Ey Müaviyə! Allahdan qorx, bil ki, bütün günahların, istər böyük, istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki, Allah sənin törətdiyin cinayətləri, sırf güman nəticəsində camaatı qətlə yetirməyini, ittiham edərək onları tutub həbs etməyini, şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın), öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.»[11]

 

2) İmam Hüseyn əleyhissəlamın böyük həcc mərasimində ifşaedici və sərt çıxışı

 

Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyn (əleyhissəlam) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cə’fər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri, tabein[12] və bütün Bəni Haşim nümayəndələri İmam Hüseyn əleyhissəlamın Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein İmam Hüseyn əleyhissəlamın çadırının yanına toplaşdı. İmam Hüseyn (əleyhissəlam) ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:

«Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? Mən indi bə’zi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, təsdiq edin, yox əgər yalan olarsa,, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi e’tibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa də’vət edin. Mən bundan qorxuram ki, bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»

Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şü’bə «Tühəfül-üqul» kitabında İmam Hüseyn əleyhissəlamdan tarixi və harada söylənildiyi mə’lum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bə’zi nişanələrdən və xütbənin məzmunundan mə’lum olur ki, bu xütbə elə İmam Hüseyn əleyhissəlamın Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bə’zi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:

«...Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə, xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır, zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər...

Mən (sizin keçmişinizdən və imanınızdan xəbərdar olub) sizin Allahın boynuna minnət qoyduğunuz üçün Allah tərəfindən sizə əzab gəlməsindən qorxuram. Çünki siz başqalarının çatmadığı böyük məqamlara çatmısınız. Buna görə də, başqalarından üstünsünüz. Yaxşı və pak insanlara hörmət etmirsiniz. Halbuki, siz özünüz Allaha xatir camaat arasında hörmət sahibi olmusunuz.

Allahın qayda-qanunlarının, əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Öz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz, ancaq peyğəmbərin əhdinin pozulmasından, ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor, lal, çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür, bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir, ancaq siz bundan qafilsiniz. Siz - ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki, bunu başa düşəydiniz.

Hökuməti Allahın ehkamından xəbərdar olan, halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki, siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz, indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər, xidmətçi, bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər, camaat isə özünü müdafiə edə bilmir. Onların bə’ziləri elə zalımdırlar ki, hər bir məzluma əziyyət verir, bə’ziləri elə hakimlərdir ki, heç insanı dirildən və öldürən Allaha da e’tiqadı yoxdur.

Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim, halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o mö’minlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bə’zi ixtilaflara Allah Özü hakimdir və Öz hökmü ilə qəzavət edir.

İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür, nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki, Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.

İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar...»[14]

 

3) Dövlət əmlakının müsadirə edilməsi

 

Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan İmam Hüseyn (əleyhissəlam) karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni-Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:

«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»

Müaviyə İmamın bu hərəkətindən bərk narahat olub İmama qəzəbli bir məktub yazdı.[15]

Şübhəsiz ki, İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şər’i tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamandada belə bir hərəkəti görməyə İmam Hüseyn əleyhissəlamdan başqa heç kim cür’ət etməzdi.

 

Aşura inqilabının mahiyyəti və səbəbləri

 

İmam Hüseyn əleyhissəlamın inqilabı barədə bir sıra suallar vardır ki, o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:

1. Əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu sıxışdırmasaydı, İmam Hüseyn (əleyhissəlam) yenə qiyam edəcəkdi?

2. Kufə camaatı İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?

3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?

Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə tə’sir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun, yə’ni, onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin, digər bir hadisəyə isə müsbət reaksiya.

İmam Hüseyn əleyhissəlamın inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.

 

İmam Hüseyn əleyhissəlamın inqilabının səbəbləri

 

Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük tə’siri olmuşdur:

1. İmam Hüseyn əleyhissəlamdan Yezid üçün bey’ət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək;

2. Kufə camaatının İmam Hüseyn əleyhissəlamı İraqa (Kufəyə) də’vət etməsi;

3. Əmr be-mə’ruf və nəhy əz-münkər amili. İmam Hüseyn əleyhissəlamın Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.

İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseyn əleyhissəlamın inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər tə’sir göstərdiyini biləcəyik.

 

1. Yezidə bey’ət etməyə qarşı müxalifət

 

Zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyn əleyhissəlamdan bey’ət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, İmam Hüseyn əleyhissəlamdan onun üçün bey’ət alsın və bu işi əsla yubatmasın.[16] Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyn əleyhissəlamı çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (əleyhissəlam) bu dəfə də bey’ətdən boyun qaçırtdı. Çünki Yezidə bey’ət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bid’əti təsdiqləmək demək idi.

Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əli əleyhissəlamın müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn (əleyhissəlam) rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni-Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şə’ban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseyn əleyhissəlamın öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.

İmam Hüseyn əleyhissəlamın inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şər’i bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə bey’ət almaq istəyir, amma İmam Hüseyn (əleyhissəlam) da buna razı olmurdu. Hər necə olur-olsun, bu məsələ mə’lumdur ki, İmam Hüseyn əleyhissəlamı Kufə əhalisi də’vət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin də’vəti olmasaydı da, İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməyəcəkdi.

 

2. Kufəlilərin dəvəti

 

İmam Hüseyn (əleyhissəlam) şə’ban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əli əleyhissəlamın ədalətli hakimiyyəti yadında qalmış, o Həzrətin tə’lim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi, o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət edib ona itaət etsinlər.

Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu də’vət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseyn əleyhissəlama çatdı.[17]

Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı.[18] İmam Hüseyn (əleyhissəlam) camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların də’vətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, İmam (əleyhissəlam) özü də ora yola düşəcəkdi.

Göründüyü kimi İmam Hüseyn əleyhissəlamın kufəlilərin də’vətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan mə’lum olur ki, İmam Hüseyn əleyhissəlamın Məkkədə Yezidin hökumətinə bey’ət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yə’ni, bey’ət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının də’vəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (əleyhissəlam) üçün yeni bir məs’uliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (əleyhissəlam) belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni də’vət edirsə, onda mən də İraqa getməliyəm. Əgər və’dələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslami məntəqəyə gedərəm.

Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın Yezidə bey’ət etməkdən imtina etməsi kufəlilərin də’vətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (əleyhissəlam) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki, Kufə camaatı İmamı də’vət etdiyi üçün İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməkdən imtina etmişdi və Kufə olmasaydı, camaat məktub göndərməsəydi, İmam Yezidə bey’ət edəcəkdi. Xeyr, hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməyəcəkdi.

 

3. Əmr be-mə’ruf və nəhy əz-münkər amili

 

İmam Hüseyn (əleyhissəlam) ilk gündən Mədinədən əmr be-mə’ruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki, İmam Hüseyn əleyhissəlamdan bey’ət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr, İmamdan bey’ət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki, Kufə camaatı İmamı də’vət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın bey’ətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseyn əleyhissəlamın məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş e’tiraz və hücum məntiqidir. İmam Hüseyn əleyhissəlamın məntiqi bu idi ki, İslam aləmini fəsad bürüdüyü və hakimiyyətin fəsadın mənbəyinə çevrildiyi üçün o, öz şər’i və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.

* * *

Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseyn əleyhissəlamın inqilabında rolu olmuş, onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseyn əleyhissəlamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.

Birinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla bey’ət istəyirdilər, o da bundan imtina edirdi.

İkinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa də’vət etmiş, o da bu də’vətə müsbət cavab vermişdi.

Üçüncü amil baxımından isə İmam Hüseyn (əleyhissəlam) e’tiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyn əleyhissəlamdan heç bey’ət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.

 

Hər üç amilin öz dəyəri

 

İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?

Şübhəsiz, Kufə camaatının də’vətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə e’tiraz edib İmamı rəhbər olmağa də’vət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə bey’ət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə e’lan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə bey’ət etməyəcək. Bu, İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.

Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil, yə’ni, əmr be-mə’ruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya, nə müdafiə, nə də köməklik və də’vətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı e’tiraz və hücum idi.

Əgər Kufə camaatının də’vəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin e’tiraz edib hücuma keçməsi mə’lum olur.[19]

Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Mə’lum oldu ki, əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu təzyiqlərə mə’ruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı də’vət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.

İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.

 

1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi

 

İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-mə’ruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:

«...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-mə’ruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»[20]

Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:

1) Ümməti islah etmək;

2) Əmr be-mə’ruf;

3) Nəhy əz-münkər;

4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

 

2) Bağışlanılmaz sükut

 

İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə e’tiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.

Camaat! Agah olun, bunlar (Bəni-Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»[21]

 

3) Sünnənin məhv olması, bidətlərin yayılması

 

İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:

«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə də’vət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bid’ətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»[22]

 

4) Artıq haqqa əməl olunmur

 

Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:

«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.»[23]

 

Düşünülmüş və hazırlıqlı qiyam

 

Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.

İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl mə’lum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məs’uliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.

İmam Hüseyn əleyhissəlamın inqilabında əmr be-mə’ruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən mə’lum oldu ki, o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bid’ətlərin yayılması, Peyğəmbər sünnəsinin itib batması, fəsad, pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.

 

İndi bu barədə bir az ətraflı danışaq.

 

Bir daha xatırladırıq ki, o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni-Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.

Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ən’ənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar, ancaq onların gördükləri işləri mütaliə etmək bu mə’nanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki, bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni-Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni-Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki, hökumət sizin əlinizə düşüb, onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki, hökumət Bəni-Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə, nə əzab var, nə hesab-kitab, nə Cənnət var, nə Cəhənnəm, nə də Qiyamət.»[24]

Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi.O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»1

 

Ardı burada

 

İstinadlar

 

[1] Şərhi Hədidi, c. 3, səh. 249.

[2] Əl-İsabətu fi təmyizis-səhabə, c.1, səh.333.

[3] Dəməşq tarixi (İmam Hüseyn əleyhissəlamın həyatı bölməsi), səh.164.

[4] Siffeyn döyüşü, səh.144, 249, 530.

[5] Siffeyn döyüşü, səh.507.

[6] Əl-Kamilu fit-tarix, c.3, səh.405

[7] Əl-İsabə, səh.333

[8] Səqifə hadisəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra şura təşkil edib Əbu Bəkrin xəlifə tə’yin edilməsi hadisəsidir.

[9] Əl-İmamətu vəs-siyasət, c.1, səh.184.

[10] İxtiyaru mə’rifətir-rical, səh.48.

[11] Əl-İmamətu vəs-siyasət, c.1, səh.180; Ehticac c.2, səh.161.

[12] Tabein peyğəmbərin özünü görməyən, lakin onun səhabələrini görmüş şəxslərə deyilir.

[13] Ehticac (Təbərsi), c.2, səh.161; Əl-Qədir, c.1, səh.198.

[14] Tühəfül-üqul, səh.237-239.

[15] İmam Hüseyn əleyhissəlamın həyatı, c.2,səh.231 (Şərhi Nəhcül Bəlağənin c. 18, səh. 409-dan nəql edərək).

[16] Əl-İrşad, səh.200.

[17] Əl-İrşad, səh.203.

[18] Əl-Lühüf, səh.15.

[19] Həmaseyi-Hüseyni, c.2.

[20] Biharül-ənvar, c.44, səh.329.

[21] Məqtəlül-Hüseyn, səh.85; Əl-Kamilu fit-tarix, c.4, səh.48.

[22] Tarixül-üməmi vəl-mülük, c.6, səh.200.

[23] Tühəfül-üqul, səh.245; Tarixül-üməmi vəl-mülük, c.5, səh.229.

[24] Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid), səh. 53, 139-cu xütbənin şərhi, həmçinin c. 2, səh. 44-45.

1 Qamusur-rical, c.10, səh.80.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Hüseyn əleyhissalamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ