İraq Küveytə təzminat ödəməyə davam edir.

İslamazeri.com-un “al-Rai”-yə istinadən verdiyi xəbərə əsasən, İraq 1990-1991-ci illərdə qeyri-qanuni müdaxiləyə və ölkənin işğalına görə Küveytə 4,5 milyard dollar ödəyəcək.
Təzminatı ayrı-ayrı şəxslərlə yanaşı, şirkətlər, hökumət və beynəlxalq təşkilatları da alacaq.
Xatırladaq ki, İraq 2014-cü ildə ağır iqtisadi vəziyyəti ilə əlaqədar olaraq Küveytə təzminatın ödənməsini dayandırmışdı. Bu ödəmələr 2018-ci ilin aprel ayında yenidən bərpa edilib.
İndiyədək İraq Küveytə ümumilikdə təxminən 48 milyard dollar ödəyib və daha 4,5 milyard dollar borcu qalıb. İraq hər 3 aydan bir 300 milyon dollar ödəyir.
Xatırladaq ki, 1990-cı il 2 Avqustda Səddam Hüseyn rejimi Küveytə hücum edib və bir gün içərisində ölkəni işğal edib. Bundan sonra isə ABŞ İraq təcavüzünə qarşı 41 günlük əməliyyat başlatmışdı.
1991-ci il 28 Fevral tarixində ABŞ-ın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Martın 6-sı isə sülh bağlanıb.
İraq Səddam Hüseynə görə ərəb ölkəsinə 4,5 milyard dollar ödəyəcək