1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.12.2018 09:15:03

Hər halda Azərbaycan ərazisində, xüsusilə Abşeronda bir çox qalalar inşa olunarkən daş hasarlarla əhatələnirdi.

Qala bir millətin, xalqın mübarizə, qəhrəmanlıq, mərdlik simvoludur. Bir yerdə qala varsa, deməli, oranın xalqı yurdu, vətəni uğrunda canından keçib, döyüşüb, düşmənlə mübarizə aparıb və dogma torpaqları gələcək nəsillərə miras qoya bilib. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir, çünki ölkəmizin dörd bir tərəfində müxtəlif dövrlərə aid qalalar ucalır.

Azərbaycan ərazisində ən qədim qalalardan biri də Niyalqaladır. Qalanın inşa tarixi erkən orta əsrlərə - VI, digər mənbələrdə VII-VIII əsrlərə, hətta eramızdan əvvələ aid edilir. Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən Niyalqala İsmayıllı rayonunun Lahıc qəsəbəsindən cənubda, Girdiman çayının sol sahilində, Niyal dağında yerləşir, adını da elə bu dağdan alıb.

Lahıcdan sərt meşə yoxuşu ilə qalxıb bu müdafiə qalasına çatdıqda tikilinin strateji baxımdan əlverişli mövqedə yerləşdiyi məlum olur. Buradan nəinki Lahıc, qədim Girdiman vilayətinin geniş əraziləri, eləcə də bir qədər yüksəkdən cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək ərazilər aydın görünür. Bu, qalanın mövqeyi baxımından həm də müşahidə məntəqəsi olduğunu deməyə əsas verir. Belə bir mürəkkəb relyef şəraitində çay daşlarından və kirəc məhlulundan istifadə olunmaqla tikilən Niyalqalaya əsas yol Lahıcdan olsa da, Sulut və Fit dağı tərəfdən də sərt dağlıq ərazilərdən keçməklə yetişmək olar.

"Niyal" toponiminə gəlincə, bu söz İran mənşəli olmaqla "doqquz yal, təpə" mənasını verir. Bu onunla izah edilir ki, Niyal dağı doqquz təpədən ibarətdir. Maraqlıdır ki, İran ərazisində də Niyal adlı dağ var. Bununla yanaşı, "Niyal" toponiminin sırf türk mənşəli olduğunu iddia edənlərin qənaətincə, bu söz qədim türk dillərində "yaşıl", "göy", "ot", "bitki" mənalarını bildirən "naal", "nial" sözlərindən əmələ gəlib "yamyaşıl dağ" deməkdir.

X əsr ərəb tarixçisi əl-Məsudi Niyalqalanı ("Qala ən-Niyal") "dünyada misli-bərabəri olmayan qala", "ən yaxşı möhkəmləndirilmiş qala" kimi qiymətləndirirdi. X əsrə aid "Hüdud əl-aləm" coğrafi traktatında da Niyal dağındakı qaladan bəhs olunur və padşaha (Şirvanşah Məhəmməd ibn Yəzid) məxsus xəzinənin Lahıcdan cənubda yerləşən Niyalqalada saxlanıldığı yazılır.

Bəzən Niyalqala Girdiman qalası ilə dəyişik salınır. Orta əsr alban tarixçisi Musa Kalankatlının Girdiman qalasını şəhər-qala (tarixçi Qafar Cəbiyev 2004-cü ildə Ağsu rayonu ərazisində aşkar edilmiş şəhər-qalanın daha çox Girdiman qalasının mənbələrdə göstərilən koordinatlarına uyğun gəldiyini bildirir) kimi təsvir etməsindən, bu qalanın ərazisində Girdiman hökmdarı Cavanşir tərəfindən dəbdəbəli məbədin tikilməsi barədə qeydlərdən aydın olur ki, burada söhbət Niyalqaladan getmir. Çünki Niyalqalanın ərazisi elə də böyük deyil və burada əlavə məbəd tikmək üçün şərait yoxdur.

"Hüdud əl-aləm" əsərində də Niyalqala ilə Girdiman qalasının adının yanaşı çəkilməsi onu göstərir ki, bu tikililəri eyniləşdirmək düzgün deyil. Maraqlıdır ki, bəzən Cavanşir qalasına da səhvən Girdiman qalası deyirlər.

 

Niyalqalanın ərazisində quraşdırılan məlumat lövhəsində də Azərbaycan və ingilis dillərində yanlış olaraq belə bir qeyd yazılıb: "Girdiman qalası. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Vardan tərəfindən inşa edilib. Vardan hökmdar Cavanşirin ulu babası idi və hakimiyyət illəri təxminən 570-ci illərə təsadüf edir. Qalanın ümumi sahəsi 200 hektardır. Girdiman qalası VI-VII əsrlərdə Girdiman hökmdarlarının mühüm yay iqamətgahı funksiyasını daşımışdır".

Yuxarıda da qeyd olunduğu kimi, Girdiman qalasının Niyal və Cavanşir qalaları ilə eyniləşdirilməsi tamamilə səhvdir. M.Kalankatlının da qeyd etdiyi kimi, Girdiman qalası Cavanşirin atasının babası Cəsur Vardan tərəfindən tikilib.

Qədim abidələrimizin ərazisində məlumat lövhələri quraşdırılarkən bir qədər tarixə müraciət etmək, dəqiqləşdirmə aparmaq yaxşı olardı.

Dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşən qalanın divarlarının hündürlüyü bəzi yerlərdə 12 metrə çatır. Bu nadir memarlıq nümunəsinin cəmi iki divarı, bir neçə bürcü və bəzi hissələri günümüzə qədər gəlib çatıb. Hətta bu qalıqlar istehkamın vaxtilə möhtəşəm tikili olduğunu göstərir. Hazırda qalanın ərazisini kol-kos basıb, ağaclar boy atıb. Divarlardan birinin qalanın hasarı olduğunu desək, yanılmarıq. Hər halda Azərbaycan ərazisində, xüsusilə Abşeronda bir çox qalalar inşa olunarkən daş hasarlarla əhatələnirdi.

Böyük ehtimalla abidə təbii təsirlər nəticəsində dağılıb. Daşların hazır tikinti materialı kimi daşındığını da iddia etmək olar (hər halda tarixi abidələrin daşlarının daşınması faktına az rast gəlinməyib). Ətrafı tədqiq edərkən müdafiə qalasının bəzi hissələrinin torpaq altında qaldığı da görünür. Əsrlər boyu yerli əhalini düşmən hücumlarından qorumuş qalanın indi qalıqlarının qorunmağa çox ehtiyacı var - olan-qalan fraqmentləri də torpağa gömmək olmaz. Ümumiyyətlə, tikili ətrafında arxeoloji araşdırma aparılsa, həm Azərbaycan tarixinin bu dövrü, həm də qala haqqında yeni məlumatlar əldə etmək olar. ("Trend")


Girdiman qalası ilə dəyişik salınan Niyalqala - Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ