EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.09.2019 15:28:43

Britaniya Ali Məhkəməsi sentyabrın 17-sində parlamentin işinə fasilə verilməsiylə bağlı Baş nazir Boris Johnson-un proroqasiya təşəbbüsünü araşdırmağa başlayıb.

Britaniya Ali Məhkəməsi sentyabrın 17-sində parlamentin işinə fasilə verilməsiylə bağlı Baş nazir Boris Johnson-un proroqasiya təşəbbüsünü araşdırmağa başlayıb. Johnson-un əleyhdarları iddia edirlər ki, o, fasilənin "Brexit" konfliktiylə əlaqəli olmadığını deməklə Kraliçaya dezinformasiya verib.

Britaniya Baş nazirinin dürüstlüyünün və Kraliçayla münasibətlərinin məhkəmə predmetinə çevrilməsi ölkədəki siyasi böhranın dərinliyini göstərən unikal hadisədir.

Məhkəmənin qərarı Boris Johnson-un xeyrinə olmasa, bu həm onun karyerası, həm də "Brexit"lə bağlı proseslərin inkişafı üçün proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara bilər.

Söhbət nədən gedir?

Avqustun sonunda Baş nazir Boris Johnson sentyabrın ikinci həftəsindən oktyabrın 14-ünə qədər parlamentin işinə fasilə vermək xahişiylə Kraliçaya müraciət edib.

Proroqasiya qərarı formal olaraq Kraliçaya məxsusdur, amma məhz formal olaraq: Britaniyada monarx Baş nazirin tövsiyələrini avtomatik olaraq yerinə yetirir.

Proroqasiya - hökumətin yeni qanunvericilik proqramı hazırlaması prosedurudur. Johnson bəyan edib ki, onun fasiləylə bağlı motivi də məhz bu olub: yeni Baş nazir təyin olunduğu və kabinetin yeni tərkibini formalaşdırdığı üçün daxili siyasətdəki fəaliyyət planıyla bağlı çıxış etmək.

Ancaq Johnson-un həm parlamentdəki, həm də kənardakı opponentləri bəyan ediblər ki, Baş nazir düz demir, əslində proroqasiya onun 31 oktyabrda Avropa İttifaqından sərt çıxış planına parlamentin mane olmasını əngəlləmək cəhdidir.

Ötən həftə Johnson-un əleyhdarlarının bu iddiaları ilə bağlı iki məhkəmə qərarı verilib. Şotlandiyanın Apelyasiya Məhkəməsi hesab edib ki, Johnson-un motivi qanunsuzdur. London Yüksək Məhkəməsi isə bəyan edib ki, bu, hüquqi yox, siyasi məsələdir və ona görə də məhkəmədə baxıla bilməz.

Hər iki qərardan şikayət verilib, Ali Məhkəmə isə bu iki apelyasiya ərizəsini bir yerdə araşdırır.

Qərar nə vaxt veriləcək?

Araşdırma sentyabrın 17-də başlayıb və üç gün davam etməsi planlaşdırılıb.

Bundan sonra hakimlər kollegiyası qərarını nə vaxt açıqlayacağını elan edəcək.

İş çox təcili olduğu üçün (Proroqasiya artıq başlayıb) bunun tezliklə baş verəcəyi güman edilir.

Nəticə nə olacaq?

Məhkəmə proroqasiyasını qanuni hesab etsə, ötən çərşənbə axşamı başlamış fasilə davam edəcək və parlament bir də oktyabrın 14-ündə toplanacaq - ilk növbədə "Kraliçanın çıxışı"nı dinləmək, sonra da II Yelizavetanın açıqladığı yeni hökumət proqramını müzakirə etmək üçün.

Proroqasiya qanunsuz elan edilsə, ehtimal olunur ki, İcmalar Palatası və Lordlar Palatası məcburi məzuniyyətdən geri çağırılacaqlar. Müxalifət partiyalarının deputatları artıq bəyan ediblər ki, məhkəmənin onlar üçün müsbət cavabından sonra parlament təcili şəkildə toplanıb "Brexit" problemini müzakirə etməlidir.

Hərçənd məhz nəyin müzakirə ediləcəyi indi o qədər də aydın deyil: Johnson-un tətil və proroqasiya müddətləri arasında parlamentə tanıdığı yeganə iş həftəsi fürsətində İcmalar və Lordlar palataları nəzərdə tutduqları əsas işi reallaşdıra biliblər: ölkəni Aİ-dən müqaviləsiz çıxarmağı Baş nazirə qadağan edən qanun qəbul ediblər.

Baş verənlər Johnson-a necə təsir edəcək?

Bu, presedenti olmayan situasiyadır, ona görə də ancaq təxmin etmək olar.

Məhkəmə prorqasiyanı qanunsuz hesab etsə, bu, əlbəttə ki, Johnson üçün böyük siyasi zərbə olacaq.

"Johnson-u istefaya göndərmək üçün ona böyük təzyiqlər olacaq" - BBC-nin daxili siyasət məsələləri üzrə müxbiri Dominic Casciani belə deyir.

Keçmiş baş prokuror, Mühafizəkarlar partiyasının deputatı və Johnson-un opponenti Dominic Grieve daha əvvəl bildirmişdi ki, məhkəmə proroqasiya motiviylə bağlı Baş nazirin Kraliçanı aldatması iddiasını doğru saysa, Johnson-un Baş nazir postunda qalması "ağlasığmaz" olacaq.

Britaniya Ali Məhkəməsi necə bir qurumdur?

Birləşmiş Krallığın Ali Məhkəməsi digər ölkələrdə daha çox Konstitusiya Məhkəməsi adlandırılan xüsusi məhkəmə instansiyasıdır.

Bu orqan qanunların tövsifi və qəbuluyla bağlı işlərə baxır.

Ali Məhkəmə qanunları ləğv edə və ya onlara düzəliş edə bilməz, amma parlamentə müvafiq tövsiyələr verə bilər və verir.

Birləşmiş Krallığın Ali Məhkəməsi cəmi 10 il əvvəl yaradılıb. Buna qədər belə məsələləri Lordlar Palatasının və Gizli Şuranın xüsusi məhkəmə kollegiyaları araşdırıb. (BBC Azərbaycanca)


Britaniya Ali Məhkəməsi Boris Johnson-un Kraliçaya yalan deyib-demədiyini araşdırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır
    Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.
     21.10.2019
    Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb
    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ