Rəngarəng işıqlarla bəzədilmiş küçə və prospektlər, küknar ağacları yeni ilin gəlişindən xəbər verir.
Rəngarəng işıqlarla bəzədilmiş küçə və prospektlər, küknar ağacları yeni ilin gəlişindən xəbər verir. 2020-ci ilin gəlişinə sayılı günlər qalıb. Bakının əksər küçə və prospektlərində yeni il ab-havası hiss olunur.
Baku TV-nin çəkiliş qrupu axşam saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidələr aparıb.
Neftçilər prospekti başdan-başa rəngarəng işıqlarla bəzədilib. “Azneft” meydanında isə 34 metr hündürlüyündə küknar ağacı qoyulub. Bu küknar ağacı hündürlüyünə görə, MDB ölkələri paytaxtlarında qurulan ən böyük 4-cü küknar ağacıdır.
Oxşar mənzərə həmçinin, Neftçilər və Babək prospektlərinin kəsişməsində salınan “Sevgi parkı”nda da müşahidə olunur. Burada da yeni illə bağlı müxtəlif simvollar quraşdırılıb, işıqlarla bəzədilmiş və hündürlüyü bir neçə metr olan küknar ağacı qurulub.
Yerli və xarici turistlərin paytaxtımıza gəldiyi zaman ilk ziyarət etdiyi məkanlardan biri heç şübhəsiz Qız Qalasıdır. Qalanın ətrafında yeni il atributları quraşdırılıb, qalaya aparan yolda isə işıqlı tunel salınıb. Sözügedən tunel isə həm uşaqların, həm də böyüklərin marağına səbəb olur. Uşaqdan böyüyə hər kəs ayaq saxlayıb tuneldə və eləcə də, işıqlarla bəzədilən atributlarla fotolar çəkdirir.
Nizami küçəsində yeni illə bağlı yarmarka qurulub. Paytaxt sakinləri də yeni 2020-ci ilin gəlişini səbrsizliklə gözləyir. Şübhəsiz ki, hər zaman yeni ilin gəlişinə ən çox sevinən uşaqlar olur. Balaca müsahiblər çəkiliş qrupunu görən kimi Şaxta babadan istəklərini dilə gətiriblər. Onlar şeir deməyi də unutmayıblar...
Bakı Yeni ilə hazırlaşır - FOTO-VİDEO