ABŞ-da aylar öncə baş vermiş Floyd cinayətinə bənzər bir hadisə olub
İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində polislər afroamerikalı kişini kürəyindən güllələyiblər; o, ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Bildirilir ki, qaradərili kişi mübahisə edən 2 qadını aralamağa çalışırdı. Polislər ona qarşı elektroşok tətbiq ediblər, daha sonra isə atəş açıblar. Qonşuların sözlərinə görə, atışma xəsarət alan kişinin övladlarının gözü qarşısında baş verib.
Kenoşi polisi faktı təsdiq edib.
Viskonsin qubernatoru Toni Evers sosial şəbəkə üzərindən yazıb ki, “günün günorta çağı Ceykob Bleykin belindən bir neçə dəfə atəş açılıb”. O, xəsarət alana tez bir zamanda sağalmağı arzu edib.
“Hələ bütün təfərrüatları bilməsək də, dəqiqliklə əminik ki, o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən güllələnmiş, yaralanmış və ya amansızca qətlə yetirilmiş ilk qaradərili kişi deyil”, - deyə qubernator bildirib.
Hadisə barədə xəbərlər yayıldıqdan sonra, narazı sakinlər küçələrə çıxıblar. Polislə toqquşma baş verib. Şəhərdə komendant saatı elan edilib.
Xatırladaq ki, ABŞ-da may ayında qaradərili kişinin polis tərəfindən boğularaq qətlə yetirilməsindən sonra ölkədə və hətta dünyanın müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb və hələ də davam etməkdədir.
ABŞ polisi yenə qaradərilini güllələdi, etirazlar başladı - GÜLLƏLƏNMƏ ANI VİDEO